Ermənilər itkin düşən hərbçimizlə bağlı xəbər yaydı
16-04-2016, 13:00
Bu gecə Talış istiqamətində bir erməni hərbçi vurulub
Moskvada əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan tərəfi təxribatlarını davam etdirir. Ötən gecə də düşmən ordusu Azərbaycanın hərbi qulluqçularının mövqelərini atəşə tutub və cavab atəşi ilə susdurulub.
Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, saat 02.15 radələrində Azərbaycan tərəfin açdığı atəş nəticəsində hərbi qulluqçu Qarik Vyaçeslavoviç Xurşudyan əlindən yaralanıb. Hadisənin Talış kəndi istiqamətində baş verdiyi bildirilir.
Qeyd edək ki, erməni mənbələri 16 aprel gecəsi cəbhədə mühəndis-istehkam işlərinin aparıldığı zaman döyüş bölgəsində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığını da iddia edib. “Novosti Armenii” bu barədə separatçı rejimin “ordusunun” məbuat xidmətinə istinadən xəbər yayıb.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə edilmədiyini açıqlamışdı. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu güman edilsə də, düşmən bu barədə məlumat verməkdən imtina edirdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb: "Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır".