Ana Vətən Partiyası “Erməni məsələsindən erməni terrorizminə qarşı” kitabının təqdimat mərasimi keçirib
22-04-2016, 18:02
teref.az - Ana Vətən Partiyası (AVP) tərəfindən professor Tofiq Mustafazadənin “Erməni məsələsindən erməni terrorizminə qarşı” adlı kitabın təqdimat mərasimi baş tutub.
AVP sədri, millət vəkili Fəzail Ağamalı, Milli Məclisin Deputatları Fərəc Quliyev və Tahir Kərimlinin, çox sayda ziyalının qatıldığı təqdimat mərasimində erməni terrorizminin dərindən araşdırıldığı kitabın əhəmiyyətindən ətraflı bəhs olunub.
Tədbirdə ilk çıxış edən AVP sədri, parlamentin deputatı F.Ağamalı öncə “Erməni məsələsindən erməni terrorizminə qarşı” kitabının müəllifi, professor T.Mustafazadənin elmi fəaliyyəti haqqında danışıb:
“Biz Tofiq müəllimlə tələbə yoldaşı olmuşuq, hətta yataqxanada da bir qalmışıq. Hələ tələbəlik vaxtından görünürdü ki, Tofiq müəllim tariximizə necə həssas yanaşır.
Onun bu sahədə güclü mütəxəssis olacağına heç birimizin şübhəsi olmadı. Tofiq müəllim də gərgin əməyi sayəsində nüfuzlu alim kimi öz layiqli yerini tutdu”.
F.Ağamalı daha sonra “Erməni məsələsindən erməni terrorizminə qarşı” kitabının aktuallından bəhs edərək, müəllifin bu əsərin ərsəyə gəlməsinə böyük əmək sərf etdiyini bildirib:
“Adından da göründüyü kimi, kitab erməni terrorizminə həsr olunub. Tofiq müəllim bu kitabın hazırlanmasına olduqca ciddi yanaşaraq, gərgin araşdırmalar aparıb.
Kitabla tanış olan hər kəs orada əks olunmuş araşdırma ilə tanış olarkən, erməni terrorizminin heçdən yaranmadığına əmin olacaq.
Ümumiyyətlə, ermənilər öz məkrli niyyətlərinin həyata keçirilməsində böyük dövlətlər arasındakı münasibətlərdən düşünülmüş şəkildə faydalanıblar.
Buna misal olaraq, Türk-yunan, ingilis-Türk və Türk-rus münasibətlərini göstərə bilərik.
Ermənilər bu qeyd olunan tərəflər arasındakı gərginlikdən istifadə edərək öz məsələlərini beynəlxlaq müstəviyə çıxara biliblər.
Nəticədə 1870-ci il Berlin konfransında “erməni məsələsi” artıq sadəcə, Osmanlının deyil, beynəlxalq məsələ halına gətirilib.
Son iki əsrdə isə ermənilər əsasən, Rusiyanın himayəsinə sığınaraq, öz planlarını gerçəkləşdirməyə çalışıblar. Təəssüf ki, bu siyasət indi də davam etməkdədir.
Bu, həqiqətən, çox maraqlı və birnəfəsə oxunası kitabdır”.
Daha sonra çıxış edənlər “Erməni məsələsindən erməni terrorizminə qarşı” kitabı haqqında fikirlərini bildirərək, müəllifə bu əsər üçün təşəkkür ediblər.
teref.az