MTN-də Tağı Əhmədov barəsində hansı kompromatlar olub?

26-04-2016, 12:10           
MTN-də Tağı Əhmədov barəsində hansı kompromatlar olub?
Bakı Metropoliteninin keçmiş rəisi ilə Akif Çovdarov arasında «3 milyon manat sövdələşməsi»nin yeni detalları

Bir neçə gündür ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov medianın gündəmindədir. Səbəb keçmiş MTN şefi Eldar Mahmudovun yaratdığı dəstənin ən əsas fiqurlarından biri, hazırda həbsdə olan Akif Çovdarovun ondan təhdid yolu ilə 3 milyon manat pul almasıdır.

Tağı Əhmədov özü bu barədə yayılan məlumata münasibət bildirməkdən imtina edib. Bu da məlumatın əsassız olmadığına şübhələri artırıb. Lakin Tağı Əhmədov hansı səbəbdən Akif Çovdarovun təhdidindən çəkindiyi, niyə bu barədə “yuxarılar”a məlumat vermədiyi bəlli deyil. Ehtimal olunur ki, MTN-də Tağı Əhmədov barədə çox ciddi kompromat olub. Əks halda Bakı Metropoliteninin keçmiş rəisini ram etmək asan olmazdı. Dünən bu mövzuda redaksiyamıza daxil olan məlumatlar da bu ehtimalı gücləndirir. Məlumatlarda bildirilir ki, Tağı Əhmədovla prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov dost olub. Əli Əsədov isə keçmiş MTN şefi Eldar Mahumdovun yaxın qohumudur. Hətta bəzi iddialara görə, Eldar Mahmudovun nazir təyin olunmasında Əli Əsədovun da mühüm rolu olub. Bundan başqa Tağı Əhmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mərhum qardaşı Mais Mehdiyevlə də yaxın dost olub. Bu halda sual olunur: Nədən Əli Əsədov və Mais Mehdiyev Tağı Əhmədova yardım etməyib? Axı Əli Əsədovun Eldar Mahmudova bir xahişi bəs edərdi ki, Akif Çovdarov Tağı Əhmədovdan əl çəksin. Yaxud mərhum Mais Mehdiyev vasitəsilə məsələyə hakimiyyətin siyasi qanadına rəhbərlik edən Ramiz Mehdiyev müdaxilə edə bilərdi. Məgər Akif Çovdarov adıçəkilən məmurlardan daha güclü fiqur idi? Bu sualların cavabı açıq qalır. Bəzi iddialara görə, MTN-də Bakı Metropolitenində böyük yeyintilər barədə ciddi faktlar olub. Mümkündür ki, Tağı Əhmədov da bu faktlarla şantaj edilib. Bu halda Bakı Metropoliteninin keçmiş rəisinin “yuxarılar”a şikayət etməsi onun həbsilə də nəticələnə bilərdi. Ona görə də Tağı Əhmədov ona kəsilən “xərac”ı ödəməklə canını qurtarmağa çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.