POLİS ƏLİLİ RÜŞVƏT ÜSTÜNDƏ DÖYDÜ

27-04-2016, 00:26           

Birinci qrup Qarabağ əlili Rzayev Amil İsmayıl oğlu döyülüb.

teref.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə A.Rzayev özü məlumat verib. Onun sözlərinə görə, döyülməsinə səbəb Beynəlxalq Avtovağzala girmək üçün qeyri-qanuni tələb olunan 1 manatı verməməsinə etiraz etməsi olub: “Beynəlxalq Avtovağzalda taksi fəaliyyəti ilə məşğulam. Qolumun biri işləmir, gözümün biri isə görmür. Yəni, dolanışığım taksidən çıxır. Başqaları kimi gecə-gündüz işləmirəm. Səhhətim imkan verəndə işə çıxıram. Gün ərzində bir dəfə dayanacağa görə, bir dəfə də polislər əlavə pul istəyir. Guya, əraziyə nəzarət edirlər. Bundan əlavə gündə bir dəfə nəzarətçiyə 1 manat verməliyik. Bu günə kimi o pulu vermişəm, amma indi vəziyyət dəyişib. Tələb olunan pulu verə bilmirəm. Belə çıxır ki, mən onlar üçün işləməliyəm. Axı ailəm var, onları da dolandırmalıyam. Cana doydum, aprelin 25-də buna etiraz elədim. Bildirdim ki, tələb etdiyiniz 1 manatı verməyəcəm. Bunu eşidən sahə inspektoru Azər bir neçə nəfəri üstümə saldı, məni döyüb, təhqir elədilər. Zorla məni sürüyüb maşından saldılar. Azər “səni başa salarlar” deyə uca səslə məni küçə söyüşləri ilə təhqir edirdi”. A.Rzayev qeyd edib ki, onu BMW markalı maşına salıb aparmaq istəyən şəxslər ətrafdakıların etirazı ilə qarşılaşıb: “Dedim ki, siz məndən zor gücünə pul istəyirsiniz. Azərin cavabı isə belə oldu: “Bura bizim nəzarətimizdədir, mən başdan xarabam, vuraram, hətta səni öldürərəm”. Bunları deyib üstümə hücum çəkdi. Sağ olsun camaat, onu güclə də olsa sakitləşdirdilər. Dayanacağın müdiri olan Nadir kəlbəcərlidir, övladlarının heç biri hərbi xidmətdə olmayıb. Deyirəm gündə bir şəhid veririk, sağlamlığımı bu torpağın yolunda qoymuşam, amma sən burada pul yığırsan. Deyir get kimə deyirsən de, mən Cavid Qurbanovun qohumuyam”. A.Rzayev məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən prezidentə müraciət edib: “Möhtərəm prezidentə müraciət etmişəm. Eləcə də “102” xidmətinə, əlaqədar qurumlara, həmçinin daxili işlər naziri Ramil Usubova şikayət etdim. Orada bildirdim ki, başdan xarab insanlara zabit rütbəsi verib sahə rəisi qoymaq olar?”
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.