Sabiq nazir Azərbaycanı tərk etdi... - Birdəfəlik...
29-04-2016, 10:02
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycanı tərk edib. Bu barədə Qaynarinfo.az-a məlumatlı mənbədən bildirilib.
Mənbənin bildirdiyinə görə, keçmiş nazir Qərbi Avropa ölkələrindən birindədir. Onun bir müddətdir biznesini ölkədən kənardan idarə etdiyini deyən qaynağımız, Ələkbərovun Azərbaycandakı şirkətlərinin fəaliyyətinin xeyli zəiflədiyini və əvvəlki gəlirlərindən məhrum olduğunu da sözlərinə əlavə edib.
Qeyd edək ki, Ələkbərovun biznesi 1992-ci ildən çiçəklənməyə başlayıb. O, 1992-ci ildə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub və 14 il bu vəzifəni yerinə yetirib. 2006-cı ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan F.Ələkbərov, holdinqinin rəsmi idarəçiliyini həyat yoldaşın təhvil versə də, "İmprotex”ə qeyri-rəsmi birbaşa rəhbərliyini davam etdirib.
2013-cü ilin oktyabrında Füzuli Ələkbərov vəzifəsindən azad edilib. Onun nazir karyerasının sonlandırılmasında oğlunun da adının hallandığı məşhur İsmayıllı hadisələri əsas göstərilir. Həmin hadisələrdən sonra nazirin qardaşı olan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami İsmayılov da işindən uzaqlaşdırılmışdı.
"Füzuli Ələkbərov vəzifəsiz qaldıqdan sonra holdinqinin başına qayıdıb. 2014-cü ilin ortalarından etibarən o, biznesini gücləndirmək üçün müəyyən həmlələr edib. Amma xüsusilə son bir ildəki devalvasiya qərarları sabiq nazirin həmin səylərini puça çıxarıb. Bundan sonra o, daha çox ölkədən kənardakı biznesini genişləndirməyə başlayıb” deyə mənbəmiz vurğulayır.
Sabiq nazirin ölkədən biryolluq gedib-getmədiyi barədə məlumatsız olan qaynağımız, nazirin oğlunun da 2 ilə yaxındır xaricdə yaşadığına dair informasiyalar dolaşdığını söyləyib.
Onu da deyək ki, son 10 ildə vəzifələrini itirən daha iki sabiq nazir Azərbaycanı tərk edərək, xaricə yerləşiblər. Bunlar keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyevlə Heydər Babayevdir.