Misir Mərdanov çətin vəziyyətdə

4-05-2016, 09:57           
Misir Mərdanov çətin vəziyyətdə
Xalası oğlu ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi sabiq nazirlə bağlı planlarla əlaqədardır?

Xəbər verildiyi kimi, Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsinin sabiq rəisi Allahverdi Dəmirova cinayət işi açılıb. Məlumata görə, “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru, 1961-ci il təvəllüdlü Əliyev Sənan Sədi oğlu prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında A.Dəmirova külli miqdarda pul verib.

Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında A.Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin A.Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.


S.Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis Idarəsinin Istintaq Şöbəsinin icraatına verilib.

A.Dəmirov sabiq təhsil naziri Misir Mərdanovun xalası oğludur. A.Dəmirov həbs olunan zaman belə məlumat yayılmışdı ki, onunla Misir Mərdanovun şərikli asfalt zavodu var olub. Sonradan onlar zavodu baş prokuror Zakir Qaralova satıblar. Baş prokuror zavodu aldıqdan bir müddət sonra hesab edib ki, Misir Mərdanovla xalası oğlunun obyekti ona baha qiymətə satıb. Məlumatda Zakir Qaralovun zavodu 6 milyon manata aldığı iddia olunurdu. Zakir Qaralov düşünüb ki, Misir Mərdanovla xalası oğlu gəlir gətirməyən bir obyekti ona baha qiymətə satıblar. Məlumata görə, baş prokuror bu məsələyə görə bərk əsəbiləşib və məsələni belə qoymacağını deyib. Məhz bundan sonra Təhsil Nazirliyindəki korrupsiya faktları Zakir Qaralovun diqqətində olub. Bildirilirdi ki, A.Dəmirov da bu zavodun qurbanı olub.

Dünən əldə etdiyimiz bəzi məlumatlara görə, A.Dəmirovla bağlı məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil. Yada salaq ki, onun həbsi barədə xəbər 5 il əvvəl 2011-ci ildə yayılıb. Məlumatda bildirilir ki, bu məsələnin yenidən gündəmə gəlməsi Misir Mərdanovun da vəziyyətini çətinləşdirə bilər. Hətta ehtimal olunur ki, keçmiş təhsil naziri ilə bağlı hansısa planlar var və bu baxımdan A.Dəmirovla bağlı məsələ yenidən gündəmə gətirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.