İlqar Məmmədovun deputatlığa namizəd olmasına MSK-dan “stop”

6-05-2016, 10:00           
İlqar Məmmədovun deputatlığa namizəd olmasına MSK-dan “stop”
Natiq Cəfərli: “Seçki Məcəlləsinin hərfi mənasında MSK haqlıdır, amma...”
“İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib”. Bunu mayın 5-də APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib. Hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürməsi barədə danışan Ş. Əsədli deyib ki, Azərbaycan vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan aktiv və passiv seçki hüquqları var:

“Aprelin 25-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim edilib. DSK operativ qaydada bu sənədlərə baxıb, digər seçki subyektləri kimi ona da müvafiq kömək göstərilib”.

Aprelin 28-də İlqar Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq olunduğunu deyən Ş. Əsədli onun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edildiyini bildirib: “Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apelyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib, ona görə də o seçkidə namizəd kimi iştirak edə bilməz”.

MSK-nın ortaya qoyduğu mövqeyə İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi, REAL-ın icra katibi Natiq Cəfərli münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında Natiq Cəfərli qeyd etdi ki, mayın 5-də günün birinci yarısı səlahiyyətli nümayəndə olaraq şəxsən ona 90 saylı Ağdaş Dairə Seçki Komissiyasından zəng edib İlqar Məmmədov üçün verilmiş imza vərəqələrini geri istəyiblər: “Zəng edib dedilər ki, İlqar Məmmədovla bağlı Şəki Apelyasiya Məhkəməsinin qüvvəyə minmiş qərarı var, bu qərara görə İlqar Məmmədovun üzərində məhkumluq qalır və belə vəziyyətdə Seçki Məcəlləsi onun namizəd olmasını qadağan edir. İmza vərəqələrini geri istəməklə yanaşı, İlqar bəyin ilkin qeydiyyatının ləğvi haqqında qərar olacağını söylədilər. Biz də onlardan tələb etdik ki, bütün bunları bizə şifahi yox, rəsmi yazılı şəkildə, qərar şəklində təqdim etsinlər və biz bundan sonra seçki kampaniyasını dayandıraq. Bizə imza vərəqələrini mayın 3-də veriblər və biz artıq imza toplamağa başlamışdıq. Bir-iki günə imzaları tam olaraq toplayıb bitirməyi düşünürdük.
Seçki Məcəlləsinin hərfi mənasında Mərkəzi Seçki Komissiyası haqlıdır. Amma nəzərə almaq lazımdır ki, İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsində bəraət almış şəxsdir. İlqar Məmmədovun həbsinin qeyri-qanuni olduğu, siyasi motivli olduğu Avropa Məhkəməsi tərəfindən təsbit olunub. İlqar Məmmədov postsovet məkanında 18-ci maddə ilə Avropa İnsan Haqları Məhkəməsində işinə baxılan ikinci şəxsdir. Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərar nöqteyi-nəzərdən də İlqar bəy təqsirsizdir və siyasi motivlərlə həbsdə saxlanılır".

N.Cəfərli bəyan etdi ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsaslanaraq İlqar Məmmədovun seçkidə namizəd kimi iştirak etmək hüququnun pozulduğu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər: “İlqar Məmmədovla bağlı bizə MSK-dan və ya DSK-dan rəsmi sənəd, qərarın surəti verildikdən sonra məsələ ilə bağlı Azərbaycandakı bütün məhkəmə instansiyalarına müraciət ediləcək. Azərbaycandakı heç bir məhkəmə instansiyasından heç bir ədalətli qərar olmasa, bu məsələni də Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaq üçün addımlar atılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.