Bakıda məktəbli oğurlanıb - VALİDEYNLƏRİNDƏN 30 MİN TƏLƏB EDİLİB - YENİLƏNİB

11-05-2016, 01:22           
Bakıda məktəbli oğurlanıb - VALİDEYNLƏRİNDƏN 30 MİN TƏLƏB EDİLİB - YENİLƏNİB
Orta məktəbdə uşağı xilas etmək üçün müəllimlər pul toplayıb...


Bu gün "Hürriyyət"in redaksiyasına telefon açan bir şəxs bildirib ki, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində yaşayan bir məktəbli oğurlanıb.
Qeyd olunub ki, uşağı qaytarmaq üçün valideynlərindən 30 min manat pul istənilir. Ortabab vəziyyətdə yaşayan ailənin isə bu qədər məbləği vermək imkanı olmaylb. Bu səbəbdən məktəblinin təhsil aldığı Şuşa şəhər orta məktəbinin müəllimlərindən pul yığılıb...
Məsələ ilə əlaqədar Tərtər rayonunda yerləşən Şuşa rayon polis şöbəsilə əlaqə saxladıq. Polis şöbəsinin əməkdaşları araşdırma apararaq əməkdaşımıza bildirdilər ki, Şuşa rayon İcra Hakimiyyətindən bu fakt təsdiqlənməyib və deyilən məktəbli köçkün şəhərciyində yerləşən Şuşa şəhər məktəbində təhsil almır. Lakin oda vurğulanıb ki, Sabunçu rayonu ərazisindəki məktəblərdən birində belə hadisə olub.
Sabunçu rayon Polis İdarəsilə əlaqə saxladıqda, fakt təsdiqləndi. Növbətçi hissədən cavab verən şəxs bildirdi ki, hadisə dünən baş verib, amma hansı məktəbdə olması haqqında yalnız dünən növbədə olan polis əməkdaşları məlumatlıdır deyə, bu informasiyanı detalları ilə açmaq imkanı yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə dedi ki, məsələ ilə bağlı onlarda məlumat yoxdur.
Ona faktın Sabunçu rayon Polis İdarəsində təsdiqləndiyini vurğuladıqda Ehsan Zahidov dedi ki, Təhsil Nazirliyi ilə əlaqə saxlayaq(?!).
Təhsil Nazirliyindən isə Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxlamağımız məsləhət bilindi.
Bu idarədən bildirildi ki, məsələni araşdırdıqdan sonra redaksiyaya məlumat veriləcək.
Günün sonunda əldə etdiyimiz məlumata görə, oğurlanan uşaq Şuşa rayon Malıbəyli kənd orta məktəbinin şagirdi olub.
Polis dünən axşam saatlarında xüsusi əməliyyat keçirərək məktəblini xilas edib. Belə ki, tələb olunan məbləğ cinayətkar qrupa çatdırılarkən polis onları yaxalayaraq, həbs edib.
Əməliyyat sonrası girov götürülən uşaq valideynlərinə təhvil verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.