Xarici ölkələrin hərbi attaşeləri Ermənistan ordusunun ağ fosforlu mərmi atdığı Tərtərin Əskipara kəndində olublar
12-05-2016, 10:29
teref.az - Xarici ölkələrin hərbi attaşeləri Ermənistan ordusunun ağ fosforlu mərmi atdığı Tərtərin Əskipara kəndində olublar
Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Əskipara kəndi ərazisinə beynəlxalq konvensiyalarla qadağan edilən ağ fosforlu top mərmisi atması faktı ilə yerində tanış olmaq məqsədilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri mayın 11-də Tərtər rayonunda olublar.
Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkil etdiyi səfərdə 13 ölkənin hərbi attaşeliyinin 20-dən çox təmsilçisi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri iştirak ediblər.
Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin ağ fosforlu top mərmisi atdığı əraziyə baxış keçiriblər.
ANAMA-nın partlayıcı vasitələrin zərərsizləşdirilməsi (EOD) əməliyyatları üzrə meneceri Mədət Məmmədov məlumat verib ki, mayın 10-da Tərtər rayonunun Əskipara kəndi istiqamətində partlamamış ağ fosforlu mərmi aşkarlanıb. Mərmi yerə düşərkən zədələnib və həmin ərazi fosforla örtülüb. 122 millimetrlik mərminin içərisində 3 kiloqram 80 qram ağ fosfor var. Çəkisi 27 kiloqram 70 qram olan sursat yerin 2 metr 30 santımetr dərinliyində tapılıb. Torpaq yumşaq olduğu üçün mərmi partlamayıb və fosfor 2 metr dərinlikdə torpağa hopub. Sursatın zədələnmiş ağız hissəsi palçıqla örtülüb.
Qeyd edilib ki, ağ fosforlu mərminin istifadəsi 1980-ci il Cenevrə Konvensiyasına əsasən qadağan olunub. Buna baxmayaraq, Ermənistan həmin silahdan hətta mülki əhaliyə qarşı istifadə edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi attaşelərin diqqətinə çatdırıb ki, təmas xəttinin 48 kilometrlik hissəsi rayonun ərazisinə düşür. Aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 17 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə ziyan dəyib, 32 ev dağılıb. Yeddi mülki şəxs yaralanıb, iki məcburi köçkün həlak olub.
Məlumat verilib ki, ANAMA tərəfindən 286 nöqtəyə baxış keçirilib, 60 partlamamış mərmi aşkar edilərək zərərsizləşdirilib. Qadağan edilmiş silahlardan istifadə olunması onu göstərir ki, Ermənistan dinc əhalini hədəfə alır.
Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində bildirib ki, Ermənistan Respublikası beynəlxalq hüquq və xüsusilə beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü bütün öhdəlikləri kobud şəkildə pozaraq mülki əhaliyə ağır artilleriya silahlarından atəş açmaqda davam edir. Ermənistan belə artilleriya atəşləri zamanı mülki əhaliyə qarşı beynəlxalq konvensiyalarla qadağa olunmuş ağ fosforlu mərmidən istifadə edib. Bu silah kütləvi yandırıcı və zəhərləyici təsirə malikdir. Ermənistanın bu silahdan istifadə etməsi heç bir hərbi təyinat deyil. Məqsəd sadəcə əhaliyə qarşı terror, təxribat törətmək, mülki şəxsləri qətlə yetirməkdir.
H.Hacıyev deyib ki, Azərbaycanda akkreditə olunan hərbi attaşelərin səfəri ANAMA tərəfindən müəyyən edilmiş bu faktı yerində araşdırmaq və bu barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün təşkil edilib. Səfər zamanı Ermənistanın dinc əhaliyə qarşı ağ fosforlu mərmidən istifadə etməsi faktı sənədləşdiriləcək və beynəlxalq qurumlara, o cümlədən ATƏT-ə, BMT-yə və digər təşkilatlara göndəriləcək.