Tərtərdə medal şəhidin ailəsinə təntənələ surətdə təqdim edildi FOTO

12-05-2016, 22:53           

Eldən gedən oğullar: Lələtəpə qəhrəmanlarıİsgəndərov Nicat Bəhruz oğlu

teref.az - 12 may- bu gün onun qırx mərasimi idi. Bütün tərtərlilər toplaşmışdılar şəhərin mərkəzi meydanına. Lələtəpə uğrunda gedən döyüşlərdə Nicat İsgəndərovun göstərdiyi igidliyə görə hər bir tərtərli qürrələnirdi. Şəhidin şəkli güllərlə bəzədilmişdir. Tədbirə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndəsi, artıq bütün tərtərlilərin yaxşı tanıdığı və sevdiyi Polkovnik Abdulla Qurbani, təhsil, səhiyyə, mədəniyyət işçiləri, N saylı hərbi hissənin əsgərləri şəhid Nicat İsgəndərovun ailə üzvləri və döyüş yoldaşları da qatılmışdılar.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra rayon rəhbəri 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmənə layiqli cavab verməsindən, tərtərlilərin döyüş əzmkarlığından danışdı. Bildirdi ki, həmin günlərdə Tərtər camaatı ordu ilə monolit birlik nümayiş etdirdi.

Düşmən bir daha şahidi oldu ki, Azərbaycanın güclü Milli Ordusu, qətiyyətli Ali Baş Komandanı var. Məhz, bu birliyin sayəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad edildi. Ordumuz mövqelərini möhkəmlətdi. Nicat da Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Bu gün hər kəs Nicatla qürur duyur. Çünki o, vətən uğrunda həlak olmuş, evdən deyil, eldən gedən oğullardandır.

M.Məmmədov öz çıxışında tərtərlilərin bir gün də olsun yol, su-kanalizasiya çəkilişini, tikinti-abadlıq işlərini dayandırmadıqlarını, bununla düşmənə mənəvi zərbə vurduqlarını da qeyd etdi. Rayon rəhbəri qələbə xəbərinin çox yaxında olduğunu vurğuladı, Azərbaycan əsgərlərinin yüksək döyüş əhval-ruhiyyəsində olduğunu, respublika Prezidentinin xanımı ilə birgə rayonumuza səfərindən, təmas xəttində yerləşən Qapanlı kəndində insanlarla görüşündən, dağılan evlərə baxış keçirməsindən də danışdı. Dövlət başçısının çətin günlərdə tərtərlilərə göstərdiyi diqqət və qayğını dilə gətirərək rayon sakinləri adından Ali Baş Komandana minnətdarlığını bildirdi.

Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicatdan, onun döyüş dostlarından danışdı. Onları Lələtəpə bayraqdarları, igid qartallar adlandırdı. Polkovnik şəhid atasına oğlunun ölümündən sonra “İgidliyə görə” medalını təqdim etdi.

Şəhid atası Bəhruz İsgəndərov öz çıxışı ilə tədbir iştirakçılarına kövrək hisslər yaşatdı. “Oğul vətən üçündür- dedi. Şəhidlər ölməz, vətən bölünməz.”

Tədbirdə Nicatın yaralı döyüş yoldaşı Ruslan Ağayev, Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Nicatın məzunu olduğu şəhər 1 saylı tam orta məktəbin şagirdi Elmir Səfərov çıxış etdilər. Qeyd olundu ki, şəhid Nicat İsgəndərovun xatirəsi hər kəsin qəlbində daima yaşayacaqdır.

Tədbirdə vətənpərvərlik mahnıları da səsləndirildi. Polkovnik Abdulla Qurbani lələtəpə qəhrəmanlarına həsr olunmuş mahnı diskini rayon rəhbərinə, rayon rəhbəri isə şəhid atasına hədiyyə etdi.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.