Cahangir Hacıyev 10 min müqabilində azad edilə bilər
13-05-2016, 17:26
“Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin azadığa buraxılması üçün gələn həftə vəsatət verəcəyik”. Bu barədə ANS PRESS sabiq bankirin hüquqları müdafiə edən vəkil Aqil Layıcov bildirib. Onun sözlərinə görə, hazırda bu barədə C. Hacıyevin özü ilə məsləhətləşmə aparılır:
“Onun hüquqlarını müdafiə edən tərəf kimi, belə bir iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edəcəyik. Ancaq müraciətdən əvvəl gələn həftənin əvvəlində məsələni Cahangir müəllimin özü ilə görüşüb müzakirə edəcəyik. İstəyim odur ki, hüquqlarını müdafiə etdiyim şəxs azadlığa çıxsın. Bildiyimə görə, azadlığa çıxma müqabilində ödənən məbləğ 10 min manatdır. Biz də, məhkəməyə 10 min manatı ödəmək müqabilində onun azadlığa buraxılmasına istəyirik”.
Aqil Layicov onu da bildirdi ki, C. Hacıyev hazırda Kürdəxanı təcridxanasında saxlanılır və vəziyyəti normaldır.
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev ötən ilin dekabr ayının 5-də həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat ximətinin məlumatında bildirilirdi ki, C.Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
Sabiq sədr ötən ilin mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb. Sabiq sədr bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.
Vəzifəsindən azad edilən Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə - “Bandotdel”ə sonuncu dəfə 2015-ci il oktyabr ayının 19-da çağırılıb.
Cahangir Hacıyev “Bandotdel”ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib. Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.