MTN şefi həbs edildi
15-05-2016, 01:45
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.
teref.az xəbər verir ki, bu haqda musavat.com-a daxil olan məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib. Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan V.Ələsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər:
“Səhər Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovu Naxçıvan Prokurorluğuna müstəntiq Elşad İbrahimovun yanına çağırdılar. Ona dedilər ki, çox səs-küy salmısınız, qərara gəlmişik ki, Vəli müəllimin işini bir qədər yumşaldaq. Əli Ələsgərov da deyib ki, siz işi yumşaldırsızsa, biz də sakit oturacağıq. Bundan sonra müstəntiq növbəti həftənin 1-ci günü Vəli Ələsgərovun uşaqlarının doğum və nikah haqda şəhadətnamələrinin gətirilməsini tapşırıb. Mayın 14-də, axşamtərəfi saat 4-5 radələrinə Vəli Ələsgərovun özünü prokurorluğa çağırdılar. Oradan aparıblar ekspertizaya. Vəli Ələsgərov tələb edib ki, bədəni üzərində olan işgəncə izləri qeydə alınsın. Lakin ekspert xəsarətləri qeydə almayıb”.
Vəkil deyib ki, adını da qoydular ki, Vəli Ələsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır. Bu isə ev dustaqlığının şərtlərini pozur. Halbuki Vəli Ələsgərova və onun vəkilinə ev dustaqlığı haqda qərarın surətini verməyiblər. Məhkəmədə ev dustaqlığı haqda qərar dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilib, özünü isə, ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər”.
V.Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə V.Əsgərovun həyatının təhlükədə olduğunu deyib.
Yada salaq ki, V.Ələsgərov tutduğu postdan uzaqlaşdırlandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələlə ittiham elan olunub. Vəkil iddia edib ki, onu yüksək vəzifəli şəxslərin hüzuruna aparıb, orada döyüb, təhqir ediblər. Vəkilin sözlərinə görə, V.Ələsgərovun başına torba keçirib boğazına kəndir salmaqla asır, ona işgəncə verirlər.
Vəli Ələsgərov 15 il Naxçıvanın Milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib.