Tərtər rayonunun Dəmirçilər kəndinə təbii qaz verildi
15-05-2016, 10:15
teref.az - Tərtər rayonunun Dəmirçilər kəndinə qaz çəkilişi başa çatmışdır. Bu münasibət ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, millət vəkili Rövnəq Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Tunarə Məmmədzadə tədbiri açaraq sakinləri salamlamış, qonaqlara Qarabağın dilbər guşəsi olan döyüşən qəhrəman Tərtərə “Xoş gəlmişsiniz”,- demişdir. Sonra düşmənlə təmas xəttində yerləşən Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Dəmirçilər kənd İƏD üzrə nümayəndəlik iki kəndi-Dəmirçilər və Ağkənd kəndlərini əhatə edir. Ərazidə 510 təsərrrüfat var, 2192 nəfər əhali yaşayır. Əhalinin 190 nəfərini məcburi köçkünlər təşkil edir. Kənddə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 klub, 2 kitabxana, 17 ticarət və iaşə obyekti, 4 məişət xidməti obyekti, 1 poçtampt, 1 ATS fəaliyyət göstərir. Sakinlərin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq, pambıqçılıq və tərəvəzçilik təşkil edir. Əkin sahələrini suvarılması üçün əsasən Tərtər çayının suyundan istifadə olunur.
Kənd ağsaqqalı Fazil Rəhimov, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Ramidə Bəylərova sakinlər adından çıxış edərək kəndlərinin təbii qazla təmin olunmasına, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. Əksinə, Ağdərə rayonunun işğal altında olan bir neçə kəndini işğaldan azad ediblər. Aprel ayından başlanan döyüşlərdə də qəhrəman şəhər öz ənənəsinə sadiq qaldı. Tərtər əhalisi ordu ilə monolit birlik nümayiş etdirdi, Milli Ordumuz düşmənə tutarlı cavablar verdi. Məğlubiyyətə uğrayan düşmən indi də yaşayış məntəqələrimizi, mülki insanlarımızı atəşə tutur. Bunun nəticəsində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Respublika Prezidenti cənab İlham Əliyevin xanımı ilə birgə rayonumuza səfəri, hərbi hissədə, düşmənlə 200 metrlik məsafədə Qapanlı kəndində dağılmış evlərə baş çəkməsi, sakinlərlə görüşü tərtərlilərin əhval-ruhiyyəsini daha da yüksəldib. Onlar Prezidentin çətin gündə də xalqla birgə olduğunun bir daha şahidi oldular. Göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimizə tərtərlilər adından öz minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirəm ki, 1-5 aprel tarixlərdə ən qızğın döyüşlər getdiyi vaxtda da tərtərlilərin əlləri işdən soyumadı, rayonda yol, su-kanalizasiya, qaz çəkilişi davam etdirildi, işıq dirəkləri dəyişdirildi, tikinti-abadlıq işləri aparmaqla düşmənə mənəvi zərbə vurduq.
Bu gün təmas xəttində düşmənin bir addımlığında açılışına toplaşdığımız qaz açılışı da o günlərdəki gərgin əməyimizin nəticəsidir. Qeyd etmək istəyirəm ki, Dəmirçilər İnzibati Ərazi Dairəsi rayonumuzun ən iri yaşayış məntəqələrindəndir.
Məlumat üçün deyim ki, 51 yaşayış məntəqəsindən 36–da əhalimiz qazdan istifadə edir ki, bu da yaşayış məntəqələrimizin 70.6 faizi deməkdir. Açılışına yığışdığımız Dəmirçilər kəndindən başqa daha 5 kəndimizdə qazlaşma başa çatmaq üzrədir. Bu hesabla 42 yaşayış məntəqəsi qazlaşmış olur ki, bu da yaşayış məntəqələri üzrə 82.4 faiz deməkdir. Bu kəndlərdə qazlaşma başa çatdıqdan sonra 15.230 abonentə qaz verilmiş olur ki, bu da ümumi abonentlərin 92.7 faizi hesab olunur. Qalan 9 xırda kəndlərimizin abonentləri təsərrüfatlar üzrə 595 nəfərdir, yəni qalan abonentlərimiz ümumi abonentlərimizin 3.6 faizini təşkil edir. İlin sonunadək həmin kəndlərin də qazlaşdırılması başa çatacaqdır. Qaz təsərrüfatından başqa rayonumuzda yeni işlənəcək layihələrimiz çoxdur: Su-kanalizasiya, yol infrasturukturunun yenilənməsi, elektrik şəbəkəsində kabelləşmə, yeni mənzillərin tikintisi və təmiri, köçkünlər üçün qəsəbənin salınması, yeni subartezian quyularının qazılması və təmiri. Eyni zamanda kənd təsərrüfatı bitkilərinin istehsalının genişləndirilməsi ilə əlaqədar pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi. Bu işləri görmək üçün elektrik enerjisi, təbii qaz və su təminatından narahatçılıq yoxdur.
Sonra rayon rəhbəri kənd sakinlərini qaz açılışı münasibəti ilə bir daha təbrik etmiş, bildirmişdir ki, bu gün təmas xəttində hər evdə yanan işıq, yanan mavi alov düşmənin gözünə bir ox kimi batır.
Tədbirdə iştirak edən millət vəkili Sahib Alıyev ölkəmizdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıdan danışmışdır.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Bildirmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamış,cəbhə bölgəsində yerləşən kənd sakinlərini kəndə qaz çəkilməsi münasibəti ilə təbrik etmişdir.
Sonda rayon rəhbərliyi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayev və Milli Məclisin deputatı Sahib Alıyev kəndə təbii qaz verilişinin açılış rəmzi olan məşəli alovlandırmışlar və kənd sakini Seymur Abbasovun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişlər.