Alı Alıyev bir ailənin 3 üzvünü işdən çıxartdırdı
16-05-2016, 10:47
Füzulinin icra başçısı rəqiblərindən qisas almaq üçün bütün vasitələrə baş vurur
Füzulinin icra başçısı Alı Alıyevin qanunsuz hərəkətlərindən və özbaşınalığından bezən insanlar artıq total şəkildə mətbuata üz tutmağa başlayıblar. İcra başçısından şikayətçi düşənlərdən daha biri isə Həşim Kazımovdur.
teref.az xəbər verir ki, JAM.AZ-a açıqlama verən Həşim Kazımov bildirir ki, 1994-cü ildən 2016-cı ilin yanvarına qədər Füzuli Şəhəri üzrə Ərazi İcra Nümayəndəliyində baş mühasib işləyib. Onun sözlərinə görə, 1994-cü ildən YAP-ın üzvüdür və hazırda partiyanın Füzuli şəhər üzrə təşkilatının sədridir.
O qeyd edib ki, özü müharibə veteranı olmaqla yanaşı, ailə üzvlərindən 4-ü Qarabağ müharibəsində şəhid olub. Həşim Kazımov vurğulayır ki, 14 yanvar 2016-cı ildə keçmiş ərazi icra nümayəndəsi Şakir Hacıyev həbs edildikdən sonra, o, İcra Nümayəndəliyində işləyən həyat yoldaşı və YAP-ın rayon şöbəsində çalışan oğlu icra başçısı Alı Alıyevin tapşırığı ilə qeyri-qanuni olaraq işdən çıxarılıblar.
JAM.AZ xəbər verir ki, Alı Alıyevin belə bir addım atmasının səbəbi qisasılıqdan irəli gəlir. Məlumatlara görə, Füzulinin icra başçısı onun yerinə gəlmək fikrinə düşən şəxslərin hamısından beləcə qisas alır. Hətta bu iddiaya düşənlərin yanında olan şəxslərə də rəhm edilmir. Necə ki, Həşim Kazımov və ailə üzvləri kimi.
Bu əsnada xatırladaq ki, bir neçə gün əvvəl Alı Alıyevin sifarişi əsasında həbs olunmuş tanınmış iş adamı Nəriman Əliyevə qarşı irəli sürülmüş ittihamlar məlum olub. İlkin məlumatlara görə, «Qarabağ Broyler»in sahibinin guya, Füzuli rayonunda «iğtişaş törətmək» niyyəti olub. Halbuki rayonda hamı bilir ki, bütün bu işlərin başında icra başçısı dayanır.
Qarşı tərəfi də dinləməyə hazırıq.