AzTV-nin əməkdaşları instituta niyə gediblər? - İlginc iddialar

26-05-2016, 12:41           

Dünən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu Dilçilik İnstitutunda olub.

Dilçilik İnstitutundan Bizimxeber.az-a verilən məlumata görə, sədr müavini Elsevər Dünyamalıyev şəxsən direktorun otağında olub, institutun əməkdaşlarını bir-biri söhbətə dəvət edib, Qulu Məhərrəmlinin müsahibəsində Arif Alışanovla bağlı fikirlərdə təhqir olub-olmadığını aydınlaşdırmağa çalışıb.

Əməkdaşları məsələni səciyyələndirməyə, mənfi rəy yazmağa və bu barədə müsahibə verməyə təhrik ediblər. İşçilərdən şöbə müdirləri İdris Abbasov, İsmayıl Məmmədov, Sayalı Tağıyeva, həmçinin elmi katib Nəriman Seyidəliyev və başqaları mənfi rəy verməkdən çəkiniblər. E.Dünyamalıyev təxminən 1 saat İnstitutda olsa da çəkiliş aparmağa nail olmayıb. Əməkdaşlar İnstituta xoş niyyətlə gəlməyən sədr müavinin hərəkətini alim şərəfinə ləkə yaxmaq cəhdi kimi qiymətləndirib və narazılıqlarını bildiriblər.

Xatırladaq ki, hazırda məsələyə hüquqi müstəvidə baxılır. Məhkəmə linqvistik ekspertiza aparır. Bu kimi addımlar atmaqla isə Arif Alışanov hadisələri qabaqlayaraq guya müsahibədə mənfi fikrilər və təhqiramiz ifadələr olduğuna dair ictimai rəy formalaşdırmğa çalışır.

Qeyd edək ki, Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib.

Bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Xatırladaq ki, Arif Alışanov Qulu Məhərrəmliyə cinayət işi açılması ilə kifayətlənməyib. O, Qulu Məhərrəmlidən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.

Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədri ərizəsində bu pulu Körpələr Evinə verəcəyini göstərib

Məhkəmə Q.Məhərrəmlinin məlum müsahibəsindəki söz və ifadələrində təhqir olub-olmamasını müəyyənləşdirmək üçün materialları linqvistik ekspertizaya göndərmək barədə qərar qəbul edib. Ekspertiza Mərkəzi işə baxmaq üçün əlavə mütəxəssislərin cəlb olunması barədə məhkəməyə müraciət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.