Rusdilli məktəbdə skandal – Bakıda - “Zəif oxuyanları məktəbdən qovun ki…”

11-06-2016, 23:37           
Rusdilli məktəbdə skandal – Bakıda - “Zəif oxuyanları məktəbdən qovun ki…”
“Uşaqlarınızı məktəbimdən çıxarın”. Valideynlər iddia edirlər ki, bu ultimatiumu Nizami rayon 145 nömrəli tam orta məktəbin direktoru Laləndər Hasilova verib.
Onların sözlərinə görə, 1964-cü ildən fəaliyyət göstərən məktəb bu ilin yanvarından bəri dözülməz bir müəssisəyə çevrilib. Belə ki, 1990-cı ildən məktəbin direktoru olan Nikolay Vasilçenkonun dönəmində çox mehriban atmosfer olan məktəbdə hazırda ciddi problemlər yaşanmaqdadır. Buna səbəb isə Laləndər Hasilovanın məktəbin reytinqini süni şəkildə qaldırmaq istəyindən qaynaqlanır.
Valideynlərin sözlərinə görə, direktor 2009 və 2014-cü illərdə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüş bu təhsil müəssisəsində zəif şagird görmək istəmir. Bunun çıxış yolunu isə gəncləri elmi sevdirməkdə deyil, onları məktəbdən qovmaqda görür.
TQDK-nın rəsmi statistik hesabatına görə son 15 ildə ali məktəblərə qəbula görə Nizami rayonu üzrə 1-ci yeri tutan bir məktəbdə bu halın yaşanmasını valideynlər anlaya bilmir. Rusdilli məktəblərdən sayılan 145 saylı məktəbdə yaşananlar bununla bitmir. Valideynlərin sözlərinə görə, direktor nisbətən zəif bilənlərin məktəbdən çıxmayacaqları təqdirdə, sinifdə saxlanılacağını bildirib. O, “mənim məktəbimə gəlməyin” deyərək, şagirdləri göz görə-görə davamiyyətsizliyə məcbur edir.
Maraqlıdır ki, Laləndər xanımın yürütdüyü siyasət qanuna da ziddir. Məktəbdə hamının əlaçı olması deyə bir qanun olmasa da, dərs davamiyyəti qanunla tənzimlənir. Əsas güclü və ya zəif oxumaq deyil, məhz davamiyyətdir. Hətta bəzi məktəblərdə şagirdlərin davamiyyəti üçün elektron sistemin olması belə gündəmdədir. Belə olduğu halda Laləndər Hasilovanın süni reytinq həvəsi əslində gələcəyimizin əleyhinə deyilmi? Ali məktəblərə daxil olanların faiz dərəcəsi artsın deyə, şagirdləri məktəbə, elmə həvəsləndirmək əvəzinə, 37-ci il üsul-idarəsindən istifadə edir.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Nizami rayon 145 nömrəli tam orta məktəbin direktoru Laləndər Hasilova ilə əlaqə saxlamaq istədik. Təəssüf ki, telefona cavab verən xanım Laləndər xanımın əvvəl imtahanda olduğunu, sonra isə məktəbdə olmadığını bildirdi.
T əhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov isə əməkdaşımıza cavabında suallara yalnız elektron sorğu əsasında cavab verəcəyini söylədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.