Saray bələdiyyəsi sədrinin və ərinin qatili: "Ölməli idi..."
15-06-2016, 00:09
Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqının başlanması elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən F. Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, yalnız Vəfadar Əbilhəsənovu öldürdüyünə görə özünü günahkar bilir: "Vəsilə ölməli idi, öldü. İstintaqa ifadəmi vermişəm, hər şeyi demişəm. Onu da təsdiqləyirəm. Başqa deyəcəyim bir şey yoxdur".
F. Hüseynov məhkəmədə deyib ki, Vəsilə Əbilsəhənova ilə mübahisəsi yalnız torpaq üstündə olub: "Adamlara torpaq satıb pul almışdım. Sənədləri isə Vəsilə verməli idi, amma vermirdi”.
Bundan sonra zərərçəkmiş şəxs qismində V. Əbilhəsənovanın anası Meyxanım Hüseynova ifadə verib. O bildirib ki, Fədail onların evinə tez-tez gedib, gələn adam olduğu üçün açarları onda olub. Vəfadar Həsənovun atası Sultan Əbilhəsənov isə ifadəsində bildirib ki, həmin gün nəvələri gəlib onu oyadıb: “Çıxanda Vəsiləni gördüm, başını kəsmişdi. Mən bir ildir yaşamıram, hadisə hər gün gözümün önündədir”.
Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.