İş adamını yaşadığı evdə amansızcasına qətlə yetirdilər - YENİ FAKTLAR
16-06-2016, 14:19
Xaçmaz rayonunda biznesmenin qətlə yetirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Lent.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu ərzaq məhsullarının topdan satışı ilə məşğul olurmuş və həyətində böyük mağazası olub.
Bildirilir ki, gecə saatlarında evə basqın edərək iş adamını çoxsaylı bıçaq zərbələri ilə öldürən şəxslər mənzildən pul aparmayıb. Onların evə həyətdə keşik çəkən iti öldürərək girdiyi də məlum olub.
İ.Məmmədovun həyətindən daha əvvəl iki dəfə oğurluq edildiyinə görə, o həyətdə it saxlayırmış.
Həmçinin məlum olub ki, iş adamı bir müddət əvvəl ailəsindən boşandığı üçün tək yaşayırmış. Onun keçmiş həyat yoldaşı və qızı Bakıya köçüblər.
Hadisənin baş verdiyi küçədə və ətraf ərazilərdə təhlükəsizlik kameralarının çox olması səbəbindən hüquq-mühafizə orqanları görüntüləri izləməyə başlayıb. Hazırda rayon ərazisində əməliyyat-axtarış və texniki təqib tədbirləri davam etdirilir.
*****
9:55
Xaçmaz rayonunda qətlə hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışır.
İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.