Bacısını döyən yeznəsini amansızca öldürdü - Gəncədə şok cinayət

19-06-2016, 14:25           

Bacısının ərini öldürməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Sənan Cəfərovun bacısı Samirə Qəhrəmanova 28 iyun 2015-ci il tarixdə həyat yoldaşı Radin Qəhrəmanov tərəfindən heç bir əsaslı səbəb olmadan döyülüb.

Ər-arvad arasında mübahisə

Bu səbəbdən Samirə Qəhrəmanova acıq edərək atasına məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon 3 saylı binanın 41 saylı mənzilinə gəlib. Samirə bir aya yaxın müddətdə atası evində qalıb.

Bununla bağlı Radin Qəhrəmanov dəfələrlə Samirənin atası evinə gəlib. Radin Samirə Qəhrəmanovanı barışaraq evinə qaytarmaq istəyib.

Amma Samirə onunla barışmaq istəmədiyini deyib. Samirə ərini bağışlamayıb. Bu səbəbdən Radin həyat yoldaşını evinə qaytarmaq istəyinə nail ola bilməyib.

Kürəkənin gecə yarısı basqını

Bu hərəkətlərinə görə Sənan Cəfərov bacısının yoldaşı Radin Qəhrəmanovdan narazı qalıb. Sənan iyulun 2-də, ailə üzvləri ilə birlikdə evlərində yatarkən gecə saat 4 radələrində Radin Qəhrəmanov evin qarşısına gəlib.

Radin gecə vaxtı olmasına, binada yaşayan şəxslərin yatmasına əhəmiyyət verməyib. O, uca səslə Samirə Qəhrəmanovanın onunla barışaraq evinə qayıtmasına ailəsinin mane olmasını bildirib. Habelə evin qapılarını təpiklə vuraraq Sənan Cəfərov və ailə üzvlərini nalayiq sözlərlə təhqir edib.

Polis iltizam alsa da, əməlindən çəkinmədi

Radin Qəhrəmanovun bu hərəkətləri barədə polisə məlumat verilib. Həmin əraziyə gələn polis əməkdaşları tərəfindən o, tutularaq polis bölməsinə aparılıb. Onunla profilaktik söhbətlər aparılaraq sərbəst buraxılıb.

Bundan sonra Radin Qəhrəmanov gecə saat 5:30 radələrində yenidən qayıdaraq uca səslə Sənan Cəfərov və ailə üzvlərini söyərək təhqir edib.

Sənan Cəfərov bacısının bu hərəkətini özünə və ailəsinə hörmətsizlik, ailəsinin şərəf və ləyaqətinin qonşuların yanında alçaldılması kimi qiymətləndirib.

Mübahisə və təhqir

O, Radin Qəhrəmanovla sözlü mübahisə edib. Sənanın bacısının əri ilə mübahisə etməsinə baxmayaraq, valideynləri onun evdən çıxmasına imkan verilməyib. Buna görə də o, Radin Qəhrəmanovla dalaşa bilməyib.

İyunun 2-də, saat 13 radələrində Radin Qəhrəmanov Sənan Cəfərova zəng edib. O, gecə bacısını müdafiə etdiyi üçün yenidən Sənanı təhqir edib, münasibətlərini aydınlaşdırmaq üçün israrla görüşməyi istəyib. Onlar həmin günü görüşmək barədə razılığa gəliblər.

Qətl planı

Sənan Cəfərov Radin Qəhrəmanovun bacısı Samirəni heç bir əsaslı səbəb olmadan döydüyü, onu və ailə üzvlərini son günlər davamlı olaraq təhqir edərək alçaltdığı üçün bunları özünə, ailəsinə hörmətsizlik kimi qiymətləndirib.

Odur ki, Sənan bu hərəkətlərinə görə Radin Qəhrəmanovdan qisas almaq istəyib. O, bu niyyətini həyata keçirmək üçün görüş zamanı Radini öldürmək qərarına gəlib.

Yeznə-qayının mübahisəsi

Sənan Cəfərov niyyətini həyata keçirmək üçün həmin gün saat 13 radələrində Gəncə şəhərindəki “Azərmətbuat yayımı”nın 23 saylı köşkündən 5 manata bir ədəd turist bıçağı alıb. O, saat 14:30 radələrində Radin Qəhrəmanovla görüşmək üçün razılaşdıqları Gəncə şəhərindəki Bağbanlar küçəsi ilə Mehrablı küçələrinin kəsişməsində yerləşən 8 saylı orta məktəbin qarşısına gəlib.
O, məktəbin Mehrablı küçəsinə açılan yan girişinin çöl tərəfində Radin Qəhrəmanovla görüşüb. Söhbət zamanı Sənan Cəfərov onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməsini irad tutub.

Amma Radin Qəhrəmanov son günlər etmiş olduğu hərəkətlərə haqq qazandırıb. Sənan Radinin özünü haqlı bildiyindən, həmçinin üzünə qarşı da yenidən nalayiq ifadələr işlətdiyindən daha da hiddətlənib.

Tələbə tərəfindən amansız qətl

Bu zaman Sənan Cəfərov Radin Qəhrəmanovu öldürmək məqsədi ilə özü ilə gətirdiyi bıçağı çıxarıb. Bıçağı görən Radin Qəhrəmanov özünü müdafiə etmək üçün hər iki qolunu sinəsi üzərində çarpaz vəziyyətə gətirib.

Bu vaxt Sənan Radin Qəhrəmanovun zərbələrdən yayınmasının və qaçmasının qarşısını almaq istəyib. Bunun üçün o, sol əli ilə Radin Qəhrəmanovun sağ çiynindən tutub və sol döş qəfəs nahiyəsinə ardıcıl zərbələr endirib.

Sənan Cəfərov hadisə zamanı Radin Qəhrəmanovun ürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub. Radin Qəhrəmanov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

Sənan Cəfərov Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” ixtisası üzrə əyani şöbəsinin 2-ci kurs tələbəsi olub. Qətlə yetirilən Radim Qəhrəmanov isə idmançı olub.

10 il 6 ay cəza

Sənan Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hakim Kəramət Əliyevin sədrlik etdiyi prosesdə Sənan Cəfərovun barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Sənan Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sənan Cəfərovun vəkili Elxan Osmanov apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib və hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sənan Cəfərovun apelyasiya şikayəti təmin edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.