Ukrayna gecə raket və dronlarla hücuma məruz qalıb - FOTO/VİDEO
29-05-2023, 10:39
Mayın 29-u gecə Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
BAKU.WS bu barədə UNIAN-a istinadən xəbər verir.
Xerson, Nikolayev, Kirovoqrad, Çerkassı, Poltava, Sumı, Çerniqov, Kiyev və Donetsk vilayətləri həyəcan xəritəsində qırmızı ilə göstərilib.
Kiyev Regional Hərbi İdarəsi PUA-lardan istifadənin təhlükəsi barədə məlumat yayıb.
"Hava Hücumundan Müdafiə Qüvvələri artıq işləyir. Heç bir halda müdafiəçilərimizin işini çəkməyin və internetdə yerləşdirməyin. Hava hücumu bitənə qədər sığınacaqlarda qalın", - mesajda deyilir.
Məlumata görə, Rusiya tərəfi qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hücuma keçib.
Bütün hədəflərin məhv edildiyi, ölən və yaralanan olmadığı qeyd olunub.
Hücum nəticəsində bir neçə rayonda yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan dəyib.