MTN təxribatı ifşa olundu- Rəşad Məmmədov azadlıqda

20-06-2016, 17:09           
MTN təxribatı ifşa olundu- Rəşad Məmmədov azadlıqda
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Səbinə Quliyeva bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb, ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub.

Prosesdə şahid qismində ifadə verən Ceyhun Cəfərov isə vəkil işlədiyini, İ.İsfəndiyarovun ondan obyekt alqı-satqısı sənədlərinə baxmasını xahiş etdiyini deyib: “Sənədlərə baxıb ona məsləhət vermişəm”.

Daha sonra məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. O, R.Məmmədov və İ.İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini, həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

Müşavirədən sonra məhkəmə təqsirləndirilən şəxslərə qarşı hökmü elan edib. Məhkəmənin hökmü ilə R.Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıb, Arzu Məmmədov barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.