Öldürülən diaspor rəhbərinin oğlu: “Atamı Hacı Surxayın qardaşları sifariş veriblər...” - İTTİHAM

22-06-2016, 10:24           

Ukraynanın Xerson şəhərində ötən ilin avqustunda öldürülən azərbaycanlı iş adamı, diaspor rəhbəri İlham Tağıyevin qətli ilə bağlı yeni iddialar səsləndirilib.
İ.Tağıyevin oğlu Sərxan Tağıyev APA-ya açıqlamasında bildirib ki, o, atasının qətlinin sifarişçilərini tanıyır.
S.Tağıyevin iddiasına görə, atasının qətlinin sifarişçisi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə nümayəndəsi, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədlinin Ukraynada yaşayan qardaşları, 1977-ci il təvəllüdlü Nazim və Eynulla Məmmədovlardır.
O, bu şəxslərin qətldən dərhal sonra polis tərəfindən saxlanıldıqlarını, daha sonra isə Xersondakı Azərbaycan Konqresinin sədri Əli Kərimovun səyi ilə azadlığa buraxıldıqlarını qeyd edib:
“Əli Kərimov oğlu Şamxal Kərimovun iştirakı ilə Nazim Məmmədov tutulan günün gecəsi polisdə danışıqlar aparıb və onu azad etdirib. Polisdən bunun səbəbini soruşanda dedilər ki, hadisədə iştirakda şübhəli bilinən İlham Məmmədovun izinə düşdükləri üçün Nazim Məmmədov azad olunub. İlham Məmmədov isə Azərbaycanda saxlanıldı. Biz gedib Lənkəranda hazırda ev dustağı olan, qətllə bağlı saxlanılan İlham Məmmədovla da görüşdük. O da etiraf etdi ki, atamı Nazim Məmmədovun və Eynullanın sifarişi ilə öldürüb".
S.Tağıyev bildirib ki, artıq bu faktlarla bağlı Azərbaycanın Daxili İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə də müraciət ediblər.
Xerson vilayətindəki Azərbaycan Konqresinin sədri Əli Kərimov isə barəsindəki ittihamları qəbul etməyib:
“Mən İlham Tağıyevlə dost olmuşam, onun qətlindən sonra da əlimdən gələni etmişəm ki, cinayətkarlar tutulsun, tutulan da var. Başqa nə etməliyəm? Nazim Məmmədovu polisdən nə mən, nə də mənim oğlum çıxarıb.
Deməli, günahı olmayıb ki, azad ediblər. Bu işdə lap qardaşım belə olsa, layiqli cəza çəkməsinin tərəfdarıyam. Nazim və Eynulla Məmmədov mənim qohumum deyil, onların öz qohumudur".
Hacı Surxay Məmmədli bildirib ki, hadisədən xəbəri yoxdur:
“Mən burda öz işlərimlə məşğulam. Heç dediyiniz o qətl hadisəsi barədə eşitməmişəm. Mənim qardaşlarım orda o hərəkəti etməzlər. Onlar cinayətkar deyillər. Əgər belə bir ittiham varsa, göndərsinlər lazım olan qurumlara, araşdırılsın. Mənim cinayət törədən qardaşım yoxdur”.
Qeyd edək ki, Xerson vilayətindəki Azərbaycan Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev 2015-ci il avqustun 17-də evinin qarşısında öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç, Montiyan Xaçik Stepanoviç, Ukrayna vətəndaşı Aleksandr Kovalenko və Allahverdiyev Naim Balakişi oğlu tutulub. Ötən il dekabrın 15-də isə daha bir nəfər - İlham Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Lənkərandan İrana keçmək istəyərkən saxlanılıb. Hazırda qətllə bağlı Xerson şəhərində məhkəmə prosesi davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.