Nazir “niqodnıy” deputatı başçı gətirir
23-06-2016, 00:14
Deputat Nəriman Əliyevin icra başçısı təyinatı gözlənilir
Bu haqda AzMedia.info-nun əldə etdiyi özəl məlumata görə, millət vəkilinin cənub bölgəsində iki rayondan birinə rəhbər göndəriləcəyi haqda xəbərlər var.
N.Əliyevin Masallı və ya Astaraya icra başçısı təyin olunması üçün səy göstərilir. İddialara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallının deputatını adıçəkilən iki rayondan birinə icra başçısı təyin etdirməyə çalışır. Böyük ehtimalla N.Əliyev doğulduğu rayona - Masallıya icra başçısı gətiriləcək.
Məlumatda qeyd edilir ki, FHN şefi cənub zonasındakı dayaqlarını möhkəmlətmək və bu regiona nəzarətini gücləndirmək üçün N.Əliyevi Masallıya başçı təyin etdirmək istəyir. K.Heydərovun Lənkəran, Astara və Masallıya kuratorluq etdiyi sirr deyil.
Kəmaləddin Heydərovun Nəriman Əliyevlə bağlı projesinin Masallıda necə qarşılanacağı isə qeyri-müəyyəndir. Çünki Masallıda deputat fəaliyyətinə görə ciddi narazılıq yaratmış N.Əliyevin icra başçısı təyin olunacağı halda böyük etiraz baş qaldıra bilər.
Masallıda əsasən iş adamları, sahibkarlar deputatdan ciddi şəkildə narazılıq edirlər. N.Əliyev Masallıda iş adamlarına “divan tutan” millət vəkili kimi yadda qalıb. Mətbuat üzərindən yayılan xəbərlərdə də deputatın sahibkarlara “qan uddurması” haqda faktlar yer alıb.
Üstəlik, hərbi xidmətdə olmayan N.Əliyevin necə icra başçısı olacağı da sual doğurur. Eyni zamanda onun saxta diplomu olduğu da mediada yayılan məlumatlardan biridir. Bütün bu detallar və bioqrafiyası onun barəsində Masallı ictimaiyyətində mənfi rəy formalaşdırıb.
Deputat kimi seçicilər, rayon əhalisi və iş adamları arasında narazılıqla qarşılanan N.Əliyevin Masallının icra başçısı olacağı halda daha hansı problemlər yaradacağı indidən düşündürücüdür