DİN Cahangir Hacıyevin həyat yoldaşı ilə bağlı MƏLUMAT YAYDI

23-06-2016, 22:39           
DİN Cahangir Hacıyevin həyat yoldaşı ilə bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması faktına görə başlanmış cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, aparılmış istintaqla 2001-2015-ci illərdə Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etməsinə, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesablarının açılması və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verməsinə, eləcə də C.Hacıyev və cinayətin digər iştirakçılarının Müşahidə Şurasının qərarı olmadan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəmələrinə və beləliklə, Səhmdar Cəmiyyətə ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə C.Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilir və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi məhkəməyə göndərilmək ərəfəsindədir.

Eyni zamanda, istintaq prosesində ölkə daxilində və bir sıra xarici dövlətlərdə müxtəlif lahiyələrin həyata keçirilməsi adı altında yaradılmış 100-dən çox müəssisə və şirkət vasitəsilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülmüş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ayrıca icraatda cinayət işi ayrılıb.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.