Salyanda cinayətkar qrup yaxalandı
25-06-2016, 09:36
Salyanda quldurluq və soyğunçuluqla məşğul olan cinayətkar qrup yaxalanıb. İkisi azyaşlı olan cinayətkar qrupun 8 üzvündən dördü saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı şəhəri Hövsan qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Əhmədov Babək Musavin oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Zaur Asif oğlu, 1999-cu il təvəllüdlü Namazov Camal Seymur oğlu, Bakı şəhəri Binəqədi rayon sakini, 1998-ci il təvəllüdlü Rəsulov Fərid Mirrahib oğlu, Cəlilabad rayonu Hasıllı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Həsən İslam oğlu, Biləsuvar rayonu Bəydilli kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Fərid Əliağa oğlu və istintaqa məlum olmayan Abdulla və Sənan adlı şəxslər qabaqcadan əlbir olaraq silsilə oğurluqlar, həmçinin quldur basqınları törətməklə vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar.
İstintaqa məlum olub ki, adı çəkilən şəxslər 12 avqust 2015-ci il - 13 iyun 2016-cı il intervallında olan tarixdə əsasən gecə saatlarında Salyan rayonunun Xalac kəndində yerləşən ərzaq mağazasından ümumilikdə 1258 manat dəyərində, Ərəbqardaşbəyli kəndində yerləşən ərzaq mağazasından 2000 manat dəyərində, Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 57-ci kilometrliyində yerləşən «Fuad market» mağazasından 1500 manat dəyərində, Şorsulu kəndində yerləşən «Minar» market mağazasına damdan daxil olub mağazadan 2000 manat dəyərində, Quyçu kəndində yerləşən «Quyçu market» mağazasına tavandan daxil olub mağazadan ümumilikdə 1594 manat dəyərində, Şorsulu kəndində yerləşən «Furqan market» mağazasına damdan daxil olub mağazadan ümumilikdə 1100 manat dəyərində müxtəlif çeşidli siqaret məmulatı, ərzaq məhsulları, spirtli içkilər, geyimlər, parfümeriya məmulatları, mobil telefon kartları və texniki avadanlıqlar oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurublar.
Həmçinin 13 noyabr 2015-ci il tarixdə gecə saat 23.30 radələrində Əhmədov Babək, Namazov Camal, Rəsulov Fərid və şəxsiyyəti istintaqa məlum olmayan Sənan adlı şəxslə birlikdə qabaqcadan əlbir olub üzlərinə maska taxaraq silah qismində istifadə etdikləri «montirovka» tətbiq etməklə 250 manat məbləğində nağd pul vəsaiti əldə etmək niyyəti ilə Sevda Sultanovaya məxsus Salyan rayonu, Qalalı kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq qarşısına çıxan Sultanova Sevdaya, Zabil Ağayevə və Əhədova Elnurəyə xəsarət yetirməklə basqın, yəni quldurluq etmişlər. 01 sentyabr 2016-cı il tarixdə gecə saatlarında Rəsulov Fərid, Namazov Camal və Sənan adlı şəxslə əlbir olub Salyan rayonunun Aşağı Kürkənd kəndində yerləşən Sevda Kərimovaya məxsus fərdi yaşayış evinə pəncərədən daxil olub evdən nağd pul və digər əşyalar ümumilikdə 305 manat məbləğində oğurluq ediblər. 19 iyun 2016-cı il tarixdə gecə saatlarında Salyan rayonunun Şorsulu kəndində yerləşən restorana daxil olub restorandan bir ədəd 150 manat dəyərində “Sonashi” markalı maqnitofonu oğurlayıblar.
Eyni zamanda adı çəkilən şəxslərin digər ətraf rayonlarda da müxtəlif vaxtlarda oğurluqlar etməsi barəsində istintaq məlumatlar əldə edib.
Əhmədov Babək Musavin oğlu, Hüseynov Zaur Asif oğlu, Namazov Camal Seymur oğlu və Rəsulov Fərid Mirrahib oğlu barəsində Salyan rayon məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.
Faktla bağlı Salyan polis şöbəsində Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb, cinayətkar qrupun digər üzvlərinin axtarışları davam etdirilir.