Ölkənin "iri vergi ödəyiciləri” and içirlər: “1 qəpik də borcumuz yoxdur”
8-04-2015, 22:49
“Hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var”.
Ölkə mətbuatında yer alan bu məlumata görə, borcların ildən-ilə azalması yalnız kağız üzərindədir.
“İri vergi ödəyiciləri” arasında “AZAL”, “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, Bakı Metropoliteni, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi dövlətdən külli miqdarda vəsait alan qurumların adı çəkilir: “Fitch” Ratings hesabatında “Azərenerji”nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi.
Bundan əlavə, "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur.
Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar ki, onların hamısının "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır. "Bakıelektrikşəbəkə"nin isə səlahiyyətləri yeni yaradılan "Azərişıq" ASC-yə verildiyindən dövlətə borclular sırasında bu qurumun da adını çəkmək olar.
Bu strukturların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Eyni zamanda xarici maliyyə qurumlarında dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır.
Bu məlumatın ardından yuxarıda adları çəkilən qurumların mətbuat xidmətləri ilə əlaqə saxladıq.
"Azərbaycan Hava Yolları"nın xidmət rəisi Məhərrəm Səfərli bildirdi, bu şirkətin heç bir vergi borcu yoxdur: “AZAL-ın heç bir borcu yoxdur. O fantastik rəqəmlər yalandır. Bizim bir qəpik də borcumuz yoxdur”.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də vergi borclarının olmadığını bildirdi: “Bakı Metropoliteninin 1 manat da vergi borcu yoxdur”.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, "Bakıelektrikşəbəkə" təhvil alınan zaman 1 qəpik də vergi borcu olmayıb: “Bunu vergi-audit yoxlamaları da təsdiqləyib ki, qurumun heç bir borcu yoxdur. “Azərişıq” isə hələ tam fəaliyyətə başlamayıb, hələ təhvil-təslim prosesi gedir, nizamnamə təsdiq olunmayıb. 1 aylıq fəaliyyətin nə qədər vergi borcu ola bilər?”
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə bu məsələ ilə maliyyə şöbəsinin maraqlandığını və onda bu haqda məlumatın olmadığını bildirdi.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti bu qurumların ümumilikdə nə qədər vergi borcunun olması ilə bağlı Vergilər Nazirliyinə sorğu göndərib və məlumat yaxın günlərdə açıqlanacaq.
Mövzunu davam etdirəcəyik.