Ukraynanın Poltava vilayəti ilk dəfə kütləvi hava hücumlarına məruz qalıb
9-04-2024, 09:41
Ukraynanın Poltava vilayəti ilk dəfə Rusiyanın kütləvi hava hücumlarına məruz qalıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Filip Pronin deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun Poltava şəhəri daxil olmaqla vilayətin bir neçə rayonuna başlayan hava hücumu nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Yaralılardan 2-si azyaşlı uşaqdır.
Mülki infrastruktura da ciddi ziyan dəyib. Hazırda vilayətə hücum davam edir, Poltava da daxil olmaqla qonşu Kiyev və bir sıra vilayətlərdə hava həyəcan siqnalları işə düşüb.
Qeyd edək ki, 2 ildən çox davam edən müharibə müddətində Poltava vilayəti demək olar ki, hücuma məruz qalmamışdı.