Marağada üç milli fəal dindirilib

Bu gün, 10:04           
Marağada üç milli fəal dindirilib
İran polisinin kəşfiyyat idarəsi Şərqi Azərbaycanın Marağa şəhərində üç milli fəalı sorğu-sual və təhdidlərə məruz qoyub.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, sentyabrın 22-də ölkədə dərs ilinin başlanması ilə eyni gündə Davud Əzimzadə, Hamid Yeganəpur və Mustafa Quluzadə çağırılaraq dindiriliblər.

Fəalların Marağa şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən çağırılmasının və dindirilməsinin səbəbləri məlum deyil, lakin yayılan məlumatlara əsasən, bu, onların son dövrlərdəki dinc fəaliyyəti ilə bağlı olub.

Milli fəalların bu yaxınlarda Təbrizin mərkəzi həbsxanasından azad edilmiş milli fəal Kərim İsmayılzadəyə baş çəkdiyi bildirilir.

Hamid Yeganəpur ötən ilin noyabrında bir çox milli fəalın həbsi zamanı saxlanılan və 20 gün sonra müvəqqəti zaminə buraxılan fəallardan biridir. O, hazırda 500 milyon tümən girov müqabilində azadlıqdadır və onun məhkəmə prosesi davam edir.

İran Azərbaycanında etnik və dil hüquqları uğrunda mübarizə aparan fəalların təhlükəsizlik orqanları tərəfindən sorğu-sual edilməsi və həbs olunması geniş yayılmış praktikaya çevrilib. Bu kimi halların davam etməsi bölgədə insan haqlarının durumunun daha da pisləşməsi ilə bağlı narahatlıqları artırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.