Milli Seysmik Monitorinq Mərkəzinin saytı xəbər verir ki, Tbilisidən 58 kilometr aralıda Dmanisi şəhəri (Kvemo Kartli bölgəsi) yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. Gürcüstan mətbuatı xəbər verir ki, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin ocağı 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr aralıda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Ölkədə qeydə alınan ən güclü zəlzələ 7,0 bal gücündə 1991-ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib. Episentrdə intensivlik 9 bal olub. Bu zəlzələ 200-ə yaxın insanın ölümü ilə nəticələnib, 46 minə yaxın ev və min sənaye obyekti dağılıb.