Özünü yandıran şəxs barəsində yeni FAKTLAR

7-10-2016, 15:32           
Özünü yandıran şəxs barəsində yeni FAKTLAR
DİN rəsmisi Ehsan Zahidov: “Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən bir şəxsi Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi rüsvayçılıqdır”

Etimad Əsədov: “O, Qarabağ əlili olmasaydı, dövlət ona o avtomobili verməzdi”

Sentyabrın 6-da, Sumqayıt şəhərində Qarabağ qazisi Cəmil Məmmədovun özünü yandırması ilə bağlı məlumat yayılmışdı. Məlumata görə, Qarabağ əlili avtomobilinin qanunsuz olaraq, cərimə meydançasına aparılmasına etiraz olaraq, intihara cəhd edib və bədəninin 80 faizinə qədəri yanıq xəsarəti alıb. Hadisə ictimaiyyətdə narahatlıq doğurub, müzakirələrə səbəb olub.

Olaydan bir gün sonra Daxili İşlər Nazirliyi rəsmi açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Cəmil Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil və o, bu günə qədər avtomobili bütün qanunları pozaraq, idarə edib: “Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Pirəkəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq, idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. Hətta maşını o qədər qanunları pozaraq, idarə edib ki, törətdiyi qəzalar nəticəsində ayağının biri amputasiya olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.

DİN rəsmisi qeyd edib ki, C.Məmmədov yol polisi tərəfindən sentyabrın 4-də saxlanılıb və avtomobili dayanacağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən bir şəxsi Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.

DİN rəsmisinin açıqlamasından da aydın olur ki, özünü yandıran Cəlil Məmmədovun təvəllüdü onun Qarabağ döyüşlərində iştirakını mümkünsüz edir.

Məsələ ilə əlaqədar "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədovla əlaqə saxladıq. E.Əsədov Cəlil Məmmədov haqqında musavat.com-a maraqlı faktlar açıqladı: “Şəxsən onu tanımıram. Deyilənə görə, Sumqayıt şəhərindəndir. Oradakı qazilərimiz ilə də əlaqə saxladım, onlar da Cəlil Məmmədovu tanımadılar. O, 2014-cü ildə hərbi xidmətdə olarkən yaralanmış bir insandır. Bunun da müqabilində ona avtomobil veriblər. Amma bizim cəmiyyətimizin üzvü deyil. Deyirlər ki, o, Qarabağ əlili deyil, əgər onun belə bir statusu olmasaydı, ona dövlət o avtomobili verməzdi. Onu da dəqiq bilmirəm ki, o avtomobili dövlət verib, yoxsa öz şəxsi vəsaiti ilə alıb. Bu barədə də dəqiq bilmirəm”.

Etimad Əsədov Qarabağ müharibəsi əlillərinin özlərini yandırması faktlarının yaxşı hal olmadığını da dedi: “Həmin şəxsin özünü yandırmasına haqq qazandırmıram. Ölkədəki qanunlara riayət etmək lazımdır. Məndə olan məlumata görə, onun çoxlu cərimələri olub və buna görə özünü yandırıb. Amma digər əlillərin özlərini yandırmalarına gəldikdəsə, əvvəllər vəziyyət çox pis idi. Əlillər müalicə ala bilmirdi və yaxud müalicələri bir nəticə vermirdi, həyatdan küskün olub intihar edirdilər. Amma son zamanlar bu hallar azalmaq üzrədir, demək olar ki, yox səviyyəsindədir, tək-tük hallarda baş verir. Əlillərin özlərini yandırması yaxşı hal deyil, əgər onların səslərini dövlət orqanları, icra hakimiyyətləri eşitmirsə, əlil cəmiyyətləri təşkilatlarına müraciət etsinlər. Beləliklə problemlərinin qarşısını ala bilərlər. Biz həmişə əlillərlə görüşlər keçirəndə onlara bildiririk ki, kimin nə dərdi-səri, ağır problemi olarsa, hissə qapılmaq lazım deyil, bizə müraciət etsinlər və bizim əlimizdən nə gəlirsə, aidiyyatı qurumlara çatdıraq. Yəni, bu addımlara getmək lazım deyil. İndi bu insan da ola bilsin ki, ağır yara, xəsarət alıb, hamı eyni cür düşünmür axı və belə hadisələr baş verir.

Əslinə qalanda Qarabağ müharibəsi əlillərinə ən çox hörmət edən elə Dövlət Yol Polisi işçiləridir. Bəzən xəta edəndə onları buraxırlar və s. Özüm dəfələrlə bunun şahidi olmuşam. İndi bu hadisə necə olub, onu başa düşə bilmirəm. DYP əməkdaşları da gərək özlərini elə aparardılar ki, bu insident baş verməyəydi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.