Azərbaycan-Fransız Universitetini bitirən məzunlar – İki diplom alacaqlar
8-10-2016, 00:07
Cari ildə 143 nəfər tələbə ingilis dilində tədrisə başlayıb
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
O, Azərbaycan prezidentinin fransalı həmkarı Fransua Olland ilə 2014-cü ilin sentyabrın 4-də səsləndirdiyi Azərbaycanda fransız universitetinin yaradılması təklifinin artıq bu il sentyabrın 15-də gerçəkliyə çevrildiyini, Azərbaycan-Fransız Universitetinin (UFAZ) öz ilk tələbələrini qəbul etdiyini qeyd edib.
“Bu layihə ali təhsilimizin tarixində yeni səhifə açır, vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradır. Cari ildə 143 nəfər tələbə, o cümlədən onların 23-ü ödənişli əsaslarla dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) ingilis dilində tədrisə başlayıb. Həmin ixtisaslar üzrə Fransanın Strasburq və Renn 1 universitetləri ilə əməkdaşlıq qurulub, məzunlara iki (həm Azərbaycan, həm Fransa) diplomun verilməsi qərara alınıb”, – deyə o əlavə edib.
Nazir, həmçinin bildirib ki, son illər ölkədə xarici dildə tədris aparan ali təhsil müəssisələrinin və burada təhsil alan gənclərin sayının artması xüsusi qeyd olunmalıdır.
“Eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 4200-dən çox əcnəbi tələbə üçün əlverişli şərait yaradılıb. Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzinə çevrilməsinə də xidmət edir”, – deyə o söyləyib.