“MTN işi”nə görə həbs edilən rabitəçi azadlığı pulla alıb?
8-10-2016, 09:37
Fətullah Seyidov mənimsədiyi 130 min manatı ödəyib
Ötən ilin sonunda Eldar Mahmudovun MTN rəhbərliyindən uzaqlaşdırılmasından sonra başda rabitə naziri Əli Abbasov olmaqla, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sabiq nazirə yaxınlığı ilə bilinən bir neçə şəxs vəzifələrindən azad olunaraq həbs edildi.
Xüsusilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəmədə təqsirləndirilərək həbs edilənlər arasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) yüksək vəzifəli şəxsləri də var idi.
“Yeni Müsavat”a daxil olan məlumata görə, onlardan ikisi azadlığa buraxılacaq. Həmin şəxslər “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və qovşağın baş mühasibi işləmiş Rəşad Məmmədovdur.
Əldə etdiyimiz məlumata görə, adaları qeyd olunan şəxslər hələ azadlığa buraxılmasa da, bunun üçün işlər aparılır. Onların yaxın günlərdə sərbəst buraxılacağı istisna deyil. Belə ki, iddia olunur ki, Fətullah Seyidov artıq mənimsədiyi 130 min manatı ödəyib. Bundan başqa ondan azadlığa çıxması üçün vurduğu zərərdən daha böyük məbləğdə pul ödəməsinin tələb olunduğu da iddia olunur. Məlumata görə, həmin pulları ödəmək üçün F. Seyidov Bakı şəhərində (Həmid Araslı küçəsi) yerləşən mənzilini də satıb.
Rəşad Məmmədovun azadlığa çıxmasında səbəb isə istintaq nəticəsində onun hər hansı ciddi qanun pozuntusuna yol vermədiyinin aşkarlanmasıdır.
Məlumata görə, Fətullah Seyidovun BTRİB-in sabiq direktoru, hazırda həbsdə olan Beytulla Hüseynovun da yaxın adamı olub. Onların tələbəlik illərindən sonra Naxçıvanda birlikdə işləməsi ilə bağlı da faktlar var.
Lakin iddia olunur ki, “MTN işi” əsasında həbs edilən rabitəçilərdən yalnız Fətullah Seyidov və Rəşad Məmmədov azadlığa buraxılacaq. Digər şəxslərin isə həbsdən azad edilməsi gözlənilmir. Buna səbəb onların külli-miqdarda dövlət əmlakını mənimsəmələri və digər cinayət əməllərinin olmasıdır.
Digər məlumata görə, artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdəki Aparat rəhbəri Vidadi Zeynalovun ailəsi ilə görüşünə qadağa qoyulub. O, hər gün ailəsi tərəfindən göndərilən yeməyi də qəbul edə bilmir...
Qeyd edək ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs edilmişdilər. Onlar Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdular.musavat.com/
teref.az