Türkiyə mətbuatının İŞİD-in "Qafqaz əmiri" kimi təqdim etdiyi azərbaycanlı Bakıda üzə çıxdı və danışdı - "Yayılan xəbərlər yalandır..."
10-10-2016, 21:43
Bir neçə gün öncə, Türkiyənin məşhur "Yeni Safak" qəzeti Azərbaycan vətəndaşı Zamin Piriyev və onunla birlikdə 5 nəfərin Yalova şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunduğu haqda xəbər yayıb.
Avropa.info-nun "Yeni Şafak" qəzetinə istinadən yaydığı xəbərdə bildirilirdi ki, təxminən bir həftə öncə Türkiyəyə gələn Piriyev Yalovada keçirilən xüsusi əməliyyat zamanı polis tərəfindən saxlanılıb.
Onun Suriyanın Raqqa şəhərindən gələn İŞİD üzvləri ilə görüşdüyü və Çiftlikköy qəsəbəsində bir evdə qaldığı qeyd olunurdu. Zamin Piriyevi İŞİD-in Qafqaz əmiri adlandıran qəzet, onların Türkiyədə genişmiqyaslı partlayışlar hazırladığını bildirirdi.
Bu gün Avropa.info-ya müraciət edən, adı İŞİD-lə birlikdə çəkilən Zamin Piriyev yayılan məlumatların yanlış olduğunu, hazırda Bakıda yaşadığını bildirib.
Onun dediyinə görə, bir müddət öncə səhhətində yaranan problemlə bağlı müalicə üçün Türkiyəyə gedib.
"Türkiyənin Yalova şəhərinə müalicə üçün getdim və orada bir neçə il öncə, Türkiyəyə köçmüş bir dostumun evində qalırdım. Mən orada qalarkən qonşuların binada yaşayan bir neçə nəfərdən şikayəti əsasında Yalova Terrorla Mübarizə idarəsinin əməkdaşları binada əməliyyat keçirdilər.Əməliyyat nəticəsində binada yaşayan çoxlu sayda insan, o cümlədən mən də şübhəli şəxs qismində polis idarəsinə aparıldıq. Araşdırma nəticəsində mənim heç bir təqsirimin olmadığı üzə çıxdı və polisdən buraxıldım. Bundan sonra, sentyabr ayının 7-də təyyarə ilə Bakıya qayıtmışam.
Mənim İŞİD-lə heç bir əlaqəm yoxdur və ola da bilməz. Sizin saytınızda Türkiyə mətbuatına istinadən bu xəbər yayıldıqdan sonra ailə üzvlərim şok yaşayıblar. Xəbərlərdən sonra anam xəstələnib və gecə onun üzərinə təcili yardım gəlib. Ailə üzvlərim bu xəbərlərdən dərin narahatlıq keçiriblər" deyə Priyev bildirib.