Aynur Elgünəşdən rəsmən üzr istəndi
11-10-2016, 00:20
Jurnalist: “Bu məsələ məndən ötrü qapandı”
Cənnət Cənnətov – “aiz.az”ın redaktoru təhqir edib hədələdiyi müstəqil jurnalistAynur Elgünəşdən üzr istəyib. O öz üzrxahlığını təmsil etdirdiyi saytda dərc olunan “Səmimi etiraf” başlıqlı yazıda diqqətə yetirib (orfoqrafiyasına toxunulmayıb):
“04.10.2016-cı il tarixində təqribən axşam radələrində şəxsi problemlərimlə bağlı əsəbi olduğum bir vaxtda tanımadığım bir nömrədən mənə zəng olundu. Düzü əvvəl zəngin kim tərəfindən olduğunu bilmədim. Mən özüm ona zəng etdim, özümdən asılı olmayaraq qeyri-etik ifadələr işlətdim. Sonradan bildim ki, həqiqətən zəng etdiyim şəxs jurnalist həmkarım Aynur Elgünəşdir. Telefonda nə özümə, nə də xanıma yaraşmayan ifadələr işlətdiyimə görə mənəvi əzab keçirdim. Aynur xanım həmkarım olsa da, onunla aramızda bu günə kimi heç bir ziddiyyətli, mübahisəli problemimiz olmayıb. Özümdən asılı olmayan səbəblərə görə, yaranmış bu vəziyyətdən peşmançılıq hissi keçirir və üzrxahlıq edirəm”.
Hadisə belə olub
Aynur Elgünəş Cənnət Cənnətova bir şikayətçinin müraciəti əsasında zəng edib. Həmin şəxs Cənnətovun ondan pul istədiyini, əks halda haqqında məqalə dərc edəcəyini bildirib. Jurnalist bundan sonra redaktora zəng vuraraq bu iddianın nə dərəcədə doğru olub-olmaması ilə maraqlanıb.
Ancaq jurnalistin kimliyi ilə maraqlanan redaktor onun “Meydan TV” ilə əməkdaşlıq etdiyini biləndən sonra Aynur Elgünəşə bir neçə dəfə telefon açaraq, onu təhqir və təhdid edib. Məsələni ictimailəşdirməyə məcbur qalan Aynur Elgünəş şikayətlə polisə üz tutub. Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağını vəd edib.
Saytın baş redaktoru Azər Məmmədov AzadlıqRadiosu-na Aynur Elgünəşin Cənnət Cənnətovu təhdid etdiyini söyləmişdi.
Jurnalist həmkarının üzrxahlığını qəbul etdiyini bildirir
“Mən 36-cı polis bölməsinə şikayət etmişdim. Həmin bölmənin rəisi Vidadi Qurbanov məni çağırıb söhbət etdi, bundan sonra izahat yazdım. Cənnət Cənnətovla da danışıblar. O da peşman olduğunu deyib. Düzü, hadisə mediada işıqlandırılandan sonra həmkarlarımızdan bir neçəsi məsələni həll etmək üçün vasitəçi olmaq istədi. Övladının xəstə olduğunu, bu səbəbdən əsəbi vəziyyətdə belə davrandığını dedilər. Bağışlamadım”, – Aynur Elgünəşin sözləridir.
Jurnalist onu daha qıcıqlandıran məqamın saytın baş redaktoru Azər Məmmədovun AzadlıqRadiosu-na açıqlaması olduğunu deyir: “Demişdi ki, guya mən Cənnət Cənnətovu şantaj etmişəm, böhtan atmışam. Görünür, səsyazısına qulaq asandan sonra o da səhvini anlayıb. Sonuncu dəfə sahə rəisi zəng etdi, mən də dedim ki, ictimai üzr istəsin. Hətta dedi ki, özü zəng edib üzr istəmək istəyir, razılaşmadım. Səsini eşitmək istəmirəm. Sabah bir də kimisə təhqir etməsin deyə, üzrxahlığını ictimailəşdirməsini istədim”, – jurnalist söyləyir.
O bu məsələnin ondan ötrü artıq qapandığını vurğulayır.