GENERAL NAXÇIVANDAN QAÇMAQ İSTƏYİR - Vəli Ələsgərov Bakıya köçürülmək istəyir
11-10-2016, 00:35
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsindən Bakıdakı 1 saylı İstintaq Təcridxanasına köçürülmək istəyir.
Bu barədə Trend-ə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil bildirib ki, o, V.Ələsgərovun 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün aidiyyəti qurumlara müraciət edib: “Qanunvericiliyin tələblərinə görə, Vəli Ələsgərov Bakı İstintaq Təcridxanasına köçürülə bilər. Bunun üçün biz Ədliyyə Nazirliyinə, Naxçıvan Penitensiar Xidmətinə və digər aidiyyəti qurumlara müraciət etrmişik. Lakin Naxçıvan Penitensiar Xidməti Vəli Ələsgərovun Bakıya köçürülməsini məqsədəuyğun hesab etməyib. Səbəb kimi göstəriblər ki, Vəli Ələsgərovun qohumları Naxçıvan Muxtar Respublikasında yaşayırlar”.
Vəli Ələsgərovun Naxçıvandan uzaqlaşmaq cəhdi, çox guman ki, həbsxanada ona qarşı sərt münasibətlə bağlıdır. Sabiq nazir Bakıya köçürülərsə burda müəyyən qədər rahatlıq tapa biləcəyini düşünür. Lakin şübhəsiz ki, Naxçıvan rəhbərliyi V.Ələsgərovun Bakıya köçürülməsinə imkan verməz. Sirr deyil ki, Vəli Ələsgərovun əlində çox ciddi kompromatlar və məlumatlar var – Bakıda maraqlı dairələr onları əldə etmək və istifadə etmək niyyətinə düşə bilərlər. Bu baxımdan, V.Ələsgərovun Naxçıvandan uzaqlaşmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini indidən əminliklə söyləmək olar. Bunu sabiq nazirin özü də bilməmiş deyil. Lakin görünür düşdüyü ağır psixoloji mühitdən canını qurtarmaq üçün çarəsiz şəkildə hər vasitədən istifadə etməyə məcburdur.
Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.
Hökmdən apelyasiya şikayəti verilsə də, Naxçıvan Ali Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.