Bu gün referendumun nəticələri təsdiqlənəcək

11-10-2016, 10:09           
Bu gün referendumun nəticələri təsdiqlənəcək
Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyası 26 sentyabrda keçirilən referendumun yekun nəticələrini təsdiq edəcək. Bundan sonra konstitusiyaya edilən dəyişikliklər qüvvəyə minəcək.

Bu barədə musavat.com-a məlumat daxil olub. MSK-nın bu məqsədlə keçiriləcək iclasının vaxtı da təyin edilib-saat 16.00.

Qeyd edək ki, 26 sentyabrda keçirilən referendumun nəticələrinə görə, seçkidə iştirak edənlərin 92 faizi konstitusiyaya təklif edilən dəyişikliklərə “hə” deyib. Mərkəzi Seçki Komissiyası referendumun baş tutduğunu və nəticələri sentyabrın 27-də elan edib. Lakin hələ ki referendumun nəticələri, yəni konstitusiyaya edilən dəyişikliklər rəsmi qüvvəyə minməyib.

Seçki Məcəlləsinin 138.1 və 138.4 maddəsinin tələbinə görə, referenduma yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə MSK tərəfindən həyata keçirilməlidir. Bu isə o deməkdir ki, nəticələr rəsmi bildiriş kimi ən geci oktyabrın 21-dək elan edilməlidir.

Seçki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə isə referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi səsvermə günündən ən geci 30 gün keçənədək MSK tərəfindən həyata keçirilməlidir. MSK ən geci oktyabrın 26-dək bu tələbi reallaşdırmalıdır. Məhz bundan sonra referendumun nəticələri qüvvəyə minir və ölkə yeni dəyişikliklər edilmiş konstitusiya ilə idarə olunmağa başlamalıdır.
Ötən həftə “Yeni Müsavat” məlumat vermişdi ki, MSK-nın bu məqsədlə növbəti həftə toplantısı gözlənilir.

Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişikliklərin, islahatların həyata keçiriləcəyi vurğulanır. Qeyd edilir ki, konstitusiyaya yeni dəyişikliklər idarəetmənin dəyişməsinə gətirib çıxaracaq. Konstitusiya dəyişikliyinə qədər Azərbaycan prezidenti vəzifəsini icra edə bilmədikdə onun səlahiyyətləri baş nazirə keçirdisə, dəyişiklikdən sonra birinci vitse-prezidentə keçir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.