Bu gündən kompensasiyalar veriləcək

11-10-2016, 10:23           

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə 11 oktyabr 2016-cı il saat 10:00-dan etibarən başlanılacaq.

Palatadan AzVision.az-a bildirilib ki, “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilkin mərhələdə 20 min ABŞ dolları məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq. Kompensasiyaların ödənişi “Bank Standard” KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

“Bank Standard” KB-də qorunan əmanətlərin hamısı tam şəkildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər 1 il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.