Qripdən niyə qurtula bilmirik? – Açıqlama
11-10-2016, 11:08
Azərbaycanda hər il mövsüm dəyişəndə qrip kütləvi şəkildə yayılır. Bu il isə havaların dəyişkən keçməsi bu xəstəliyin daha uzun sürməsini şərtləndirib.
Qripdən niyə qurtula bilmirik? Mövsümi qriplər başqa ölkələrdə də kütləvi şəkildə yayılıb, insanları çətin duruma salırmı? Bizim keçirdiyimiz qriplər təhlükəli virus sayıla bilərmi?
Almaniyada yaşayan azərbaycanlı Terina Məmmədova Qaynarinfo.Az-a deyib ki, hazırda Almaniyada da qrip yayılıb. O bildirib ki, xəstəxanalarda qripə yoluxmuş adamların növbəsi yaranıb: “Uşaq praksislərinə (kabinetlərinə) yaxın düşmək olmur. Növbə götürmək mümkün deyil”.
Terina Məmmədova deyib ki, sadəcə olaraq, fərqlilik ondan ibarətdir ki, Almaniyada qripə adi xəstəlik kimi yanaşmırlar, onu müalicə edirlər, fəsadlarını aradan qaldırırlar, immun sisteminə vurduğu zərəri kompensasiya etməyə çalışırlar.
Rusiyada yaşayan Nemət Quliyev də Qaynarinfo.Az-a deyib ki, Rusiyada da mövsüm dəyişəndə qrip kütləvi şəkildə yayılır:”Amma burada qripi Azərbaycandakı kimi ayaq üstə keçirmirlər. Müalicə üçün xəstəxanalara üz tuturlar, tibbi sığorta bu məsələdə vətəndaşların karına gəlir. Sentyabr – oktyabr aylarında ən çox satılan dərmanlar qripə qarşı dərmanlar, immunollardır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Qaynarinfo.Az-a bildirib ki, Azərbaycanda hazırda yayılan qrip əsil qrip deyil:”Məsələ nədən ibarətdir: qrip Ümumdünya Səhiyyə Təşkilatı tərəfindın qəbul edilən 4 karantin infeksiyadan biridir. Vəbadır, taundur, sarı qızdırmadır, qripdir. Əvvəllər bu yeri təbii çiçək xəstəliyi tuturdu. Sonra dünya səhiyyə təşkilatı vaksinasıyanın sayəsində çiçək xəstəliyini aradan qaldırdı. İndi bura qripi əlavə ediblər. Qrip pandemiya törədə bilən xəstəlik olduğu üçün bu xəstəlik yayıldıqda Ümumdünya Səhiyyə Təşkilatı raport verir. Hələlik belə bir raport yoxdur”.
Hazırda insanlar arasında yayılan “qrip” dediyimiz xəstəliyi isə Adil Qeybulla “soyuqdəymə” adlandırıb:”Qrip əlamətləri ilə keçən yuxarı tənəffüs yollarının katarı iltihabı və sairlə keçən, qripə bənzər bu xəstəlik, sovet dövründə kəskin espilyator xəstəlik adlandırılırdı. Yəni bu soyuqdəymə xəstəliyidir. Əslində fəsil dəyişmələrində insanların iqlimə adaptasiyası zəifləyir, çünki insanların əvvəlki immun sistemi yoxdur. Normada yuxarı tənəffüs yollarında 15-ə yaxın infeksiya var ki, onlar adi vəziyyətdə sakit yaşayırlar. Soyuqdəyə və immun zəifləyən zaman onlar baş qaldırırlar. Müxtəlif bakteriyalar bizim yuxarı tənəffüs yollarımızda parazitlik edirlər. Ancaq onlar fəallaşanda patogen formaya keçəndən sonra artıq həmin şəxs yoluxucu olur. Özü xəstələnir və digər şəxsi də xəstələndirmək gücünə malik olur. Amma bu qrip deyil, bu yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəlikləridir ki belə mövsumi zamanlarda yayılır”.
A.Qeybulla bildirib ki, qripə bənəzr xəstəliklərinin yayılması birmənalı olaraq immun sistemlə bağlıdır:”Məsələn mən İngiltərədə olanda diqqət etdim ki, hamı idmanla məşğuldur. Şəhərdə qaçan, velisiped sürən, gəzən, müxtəlif idman hərəkətləri edən insanları kütləvi şəkildə görmək mümkündür. Bizdə isə insanlar idmana meylli deyil, qəbul etdiyimiz qidaların da keyfiyyət parametrləri çox aşağıdır. Təbii ki bununla immun sistem zəifləyir və nəticədə orqanizmin xəstəliklıərə həssalığı artır”.