İsmayıllıda Azərbaycan Respublikası Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü bayram edilib.
17-10-2016, 19:04
teref.az - Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin tarixi, sosial-iqtisadi inkişafı, tarixi günlər, milli və dövlət bayramları, yubileylər, xatirə günləri, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı təntənəli tədbirlər üçün bir qayda olaraq Heydər Əliyev Mərkəzi məkan seçilir. Bu gün də 17 oktyabrda da belə idi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Respublikamızın dövlət müstəqilliyinin iyirmi beşinci ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilirdi.
İştirakçıların bir qrupu öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər.
İsmayıllı rayon prokuroru Ülvi Abbasov “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü” haqqında məruzə etdi.
Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş nitqində qeyd etdi ki, bu gün biz Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etməyə bir araya gəlmişik, ümumxalq bayramına toplaşmışıq.
Bayramınız mübarək olsun.
Hamımıza yaxşı məlumdur ki, 1918-ci il 28 mayda Şərqdə ilk olaraq Azərbaycan dövlət müstəqilliyini əldə etdi, demokratik cümhuriyyət quruldu. 23 ay davam edən müstəqilliyə 11-ci ordunun hərbi müdaxiləsi ilə qəsd edildi.
Azadlığı müvəqqəti də olsa əlimizdən aldılar, lakin xalqın azadlıq, müstəqillik istəklərini səngidə bilmədilər. 70 illik həsrətə, nəhayət ki, 18 oktyabr 1991-ci ildə son qoyuldu. Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyi barədə Konstitusiya aktı qəbul etdi. Lakin demək olmazdı ki, bu sənədlə biz müstəqilliyimizi tamamilə bərpa edə bildik. Hüquqi baxımdan belə idi. Lakin faktiki olaraq müstəqilliyə çatmamışdıq. Çünki ordumuz yox idi, iqtisadiyyatımız, sosial həyatımız çökmüşdü. İdarəetmədə dərəbəylik və xaos hökm sürürdü. Maddi-mənəvi sərvətlərimiz və torpaqlarımız talanırdı. Ordu adına qruplaşmış qüvvələr ölkənin işğalçılardan müdafiəsinə yox, ayrı-ayrı şəxslərə xidmət edirdi. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Ulu öndər həmin tarixdə Ali Sovetin sədri, sonra isə ölkə Prezidenti seçildi. Dövlətimizin müstəqilliyinin əsil mənada bərpasına başlandı. 25 ildir ki, müstəqilliyi əbədi və dönməz olan Azərbaycanda sevinərək, layiq olduğumuz həyatı yaşayırıq. Müstəqilliyimizin bərpasından ötən 25 ilin 13 ili Azərbaycanı dünya miqyasında söz sahibi edən cənab İlham Əliyevin Prezidentlik fəaliyyəti dövrünü əhatə edir. Bu illər ərzində əsrə bərabər yüksəliş yolu keçmişik.
Şəhər 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov, Cülyan kənd tam orta məktəbinin müəllimi Azadə Xəlilova, Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlov dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın sosial-iqtisadi, siyasi-ideoloji, mədəni, təhsil və elm sahələrinin inkişafı ilə bağlı əhatəli çıxışlar ediblər.
Sonda İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 25-ci illiyi mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə diplomlar və mükafatlar verilib, bayram konserti olub.
teref.az