Rəşad Abdullayev: "Səbail" komandası oyundan-oyuna nəticəni yüksəltməlidir"
29-10-2016, 15:20
"Səbail" futbol klubunun Müşahidə Şurasının sədri Rəşad Abdullayevin “Report”a müsahibəsi:
- Azərbaycan I Divizionunda 8 tur arxada qalıb. Bu da təxminən çempionatın 1/3 hissəlik bölümü deməkdir. Bu müddətdə bir klub rəhbəri kimi "Səbail"in hazırkı nəticələrini necə dəyərləndirirsiniz?
- İlk 8 turdan sonra "Səbail"in göstərdiyi nəticələr bizi qane edir. Hazırda 3-cü pillədəyik. Komandamız yüksək yerlər uğrunda mübarizə aparır. Sadəcə, bir neçə oyunda komandamız xal itirib. Həmin oyunlardakı səhvlərin bir daha təkrarlanmaması üçün çalışmaq lazımdır. Bunun üçün məşqçilər heyəti çatışmazlıqlar üzərində işləməlidir.
- Komandanın qarşısına I Divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Lisenziyalaşdırma prosesi ilə bağlı hansı işləri görmək niyyətindəsiniz?
- Lisenziyalaşdırma çox uzun prosesdir və xeyli tələbə əməl olunmalıdır. Ona görə də işlərə indidən başlanılması qərara alınıb. Hazırda klub rəhbərliyi və Müşahidə Şurası bu istiqamətdə çalışır. İnanıram ki, qoyulan vaxt ərzində lazımi işləri görə biləcəyik.
- I Divizionda lider "Turan Tovuz" bu gün ilk dəfə xal itirdi. Hazırda 1-ci pillədən "Səbail"i 6 xal ayırır. Bu fərqi aradan qaldırmaq Sizə çətin görünmür?
- Bizi rəqiblərin itirdiyi yox, özümüzün qazanacağımız xallar daha çox maraqlandırır. Buna görə də oyundan-oyuna nəticəni yüksəltməli, komandanın daha yaxşı çıxışı üzərində çalışmalıyıq. Yəni, bir növ öz oyunumuzu fikirləşməliyik.