Avtovağzalda yeni qayda — Ödəniş əvvəlcədən edilməlidir
31-10-2016, 22:52
Bakı Beynəlxalq Avtovağzalında yeni qayda tətbiq olunub. Avtovağzalın şəhər marşurutları dayanan hissəsində ödənişlə bağlı yenilik edilib. Bura şəxsi avtomobili ilə daxil olmaq istəyən şəxslər ödənişi əvvəlcədən etməli olurlar.
teref.az xəbər verir ki, yeni qaydanın tətbiqinin səbəbləri ilə bağlı Qaynarinfo.Az-a danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, məqsəd avtovağzalda sıxlığın qarşısını almaqdır: “Əvvəlcə vətəndaşlar girirdi və maşını istədiyi qədər orda saxlayırdı. Çıxanda isə cüzi bir məbləğ verib çıxırdı. Avtovağzalın o hissəsində marşrut avtobusları çox olduğuna görə, digər avtomobillərin boş-boş dayanması hərəkəti məhdudlaşdırırdı. Ona görə giriş ödənişlidir. Bu ödəniş qanuni şəkildə aparılır və vergisi ödənilir. Hər kəs istədiyi kimi orda maşın saxlaya bilməz”.
Şəfa Mehmanqızı vurğulayıb ki, Bakı Beynəlxalq Avtovağzalı özəl obyektdir və qayda-qanunları özü tətbiq edir: “Biz sadəcə rəsmi nəzarəti həyata keçiririk. Məqsəd sıxlığın qarşısını almaqdır. Çünki taksi sürücüləri o ərazini “işğal etmişdi”. İndi isə ödəniş qaydaları tətbiq olunub və ora girən pul ödəyəcəyini bilib müəyyən müddət sonra çıxmalıdır”.
Qurum rəsmisi vətəndaşlardan ödəniş alınıb, sonra avtovağzala buraxılmasının bir səbəbi olduğunu deyib: “Əvvəlcə vaxt tətbiq olunmurdu, indi tətbiq ediblər. Maşınla daxil olan 8 saatdan sonra çıxır və ya kimsə gəlib maşını park edib, gedir. Bunların qarşısını almaq üçün ödəniş əvvəldən alınır ki, girən şəxs müəyyən müddətdən sonra çıxmaq lazım olduğunu bilsin”.
Qeyd edək ki avtovağzal fəaliyyətə başlayandan sonra bura şəxsi avtomobillə giriş pulsuz idi. Sonradan keçid qoyuldu və giriş üçün ödəniş tətbiq edildi. Əraziyə şəxsi maşınla daxil olanlar çıxışda 1 manat ödəyirdi. Yeni qaydaya əsasən isə ödəniş əvvəlcədən edilməlidir. Ödəniş etməyən şəxslər içəri buraxılmır.