Məhkəmədə keçmiş futbolçu Maşallah Əhmədovla zərərçəkmiş şəxs arasında mübahisə düşüb
1-11-2016, 12:54
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə mərmər daş satışı ilə məşğul olan şahid Müşfiq Əliyev ifadə verib.
Onun sözlərinə görə, cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Yusif adlı şəxs bir nəfərin ona 70 min manat borcu olduğunu, əvəzində daş aldığını deyib və bunu satmağı tapşırıb: "Mən də razılaşdım, daşları bizim anbara boşaltdıq. Ağ daş 30 manata, qara daş isə 43 manata idi. Biz də bu daşların satışı ilə məşğul olurduq. 3 gündən sonra Maşallah bizim anbara gəlib dedi ki, daşlar bizimdir. Mən də daşı aldığım Fəqan adlı şəxsə zəng vurdum, bunu soruşanda o, təkzib etdi. Sonradan Fəqan mənə dedi ki, Maşallahın Yusifə borcu var və o pulu alandan sonra həmin daşları apara bilərlər. Bir müddətdən sonra Maşallah bir neçə adamla daşların böyük hissəsini gəlib anbardan apardı. Ancaq qalan daşların bir hissəsini mən satdım, 200 manatını isə Maşallaha verdim. Mən orda bildim ki, Maşallahın Yusifə borcu var".
M. Əhmədov qeyd edib ki, həmin daşları sataraq, gələn gəliri Yusiflə bölməyi planlaşdırıb. Onun sözlərinə görə, zərərçəkmiş Yusifə 310 kvadratmetr daş verib, lakin Yusif bunu təkzib edir: "İstintaqın iştirakı ilə biz 672 ədəd daşı Yusifin anbarına boşaltdıq. Amma Yusif deyir ki, bundan xəbəri yoxdur".
Yusif isə anbarına başqa daş boşaldıldığını, ona isə məhz sifariş verdiyi daşların lazım olduğunu qeyd edib.
Bu zaman M. Əhmədovla zərərçəkən arasında mübahisə düşüb.
Proses noyabrın 8-də davam edəcək.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.