İcra başçısının qardaşı oğlu ittihamlara cavab verdi - “Həbs xəbəri yalandır...”
2-11-2016, 21:49
Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlanları Yunis Abdullayevin həbs olunması, Yalçın Abdullayevin isə dələduzluqda ittiham edilərək barəsində cinayət işi açılması xəbərinə qarşı tərəfdən reaksiya gəlib.
Yalçın Abdullayev günün ikinci yarısında redaksiyaya gələrək məsələnin əsl mahiyyəti barədə danışıb.
Y.Abdullayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu işdə əslində zərərçəkən onun özüdür: “Yazılıb ki, guya mən istintaq altındayam, bu da mən, canlı olaraq burdayam. Mənim haqqımda heç bir cinayət işi yoxdur, heç kimin də haqqını yeməmişəm. Yunis Abdullayev mənim əmimoğludur, onun bu işlərə heç bir aidiyyatı yoxdur. Özü də həbs olunmayıb, hazırda evindədir. Əmim Vaqif Abdullayevin mənə nə aidiyyatı var? 25 ildir bizneslə məşğulam, bu illər ərzində cəmi bir “VÖEN”im olub.
Əslində, hadisə belə olub. Mən 2014-cü ildə Xəyyam Balayevlə iş qurmaq üçün “VTB Bank”dan 965 min dollar kredit götürüb ona vermişəm. O da xalası oğlu Eyyub Hüseynovun və onun qardaşı İlqarın şirkətini işlədərək onlara faiz verib. Bir müddət sonra mən öyrəndim ki, Xəyyam dələduzdur. Ondan verdiyim pulu tələb etdim, o da aprelin 30-na kimi məndən vaxt istədi. Sonra təklif etdi ki, xalasıoğlu Eyyubun, onun sevgilisi Mahirənin və tanışı Əziz Əliyevin əmlaklarını mənə olan borcu müqabilində adıma keçirsinlər, razılaşdım. Bu adamların hər birinə zəng edib soruşdum ki, Xəyyam belə bir fikir deyib. Onlar da dedilər ki, biz də razıyıq, Xəyyama hər şey qurbandı. Bundan sonra hər biri notariusa gələrək imza atdılar və 410 min dollar dəyərində mənzilləri mənə verdilər. Mahirə isə 300 min dollar nağd verməyi öz öhdəsinə götürdü, sonra isə pulu ödəmədən ölkədən qaçdı. Hazırda “İnterpol” xətti ilə axtarışdadır, onun barəsində cinayət işi açılıb və hazırda Nərimanov Rayon Polis İdarəsində istintaq aparılır. Sonradan bəlli oldu ki, pulları ölkədən çıxarıb Dubaya köçürüblər. Hazırda onların mənə 550 min dollar borcu var. Borcun etirafına dair də müqavilə imzalayıblar. Bizlə işlədiyi dövrdə Xəyyamın Mahirə ilə davamlı olaraq ölkəni tərk etdikləri, yəni Dubaya, Türkiyəyə səfər etmələri Dövlət Sərhəd Xidməti tərəfindən təsdiqlənib”.
Xəyyam Balayev və Mahirə Süleymanova
Y.Abdullayev “MTN qruplaşması”nın qurbanı olduğunu, Mahirə Süleymanovanın sifarişi ilə Anti-terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev tərəfindən təhdid olunduğunu deyib: “Mahirə Elçinlə əlbir olmuşdu. 2015-cü ilin oktyabrın 8-də məni MTN-ə aparıb 11 saat saxladılar. “İŞİD”çisən, təriqət üzvüsən deyərək təhdid edib tələblər irəli sürdülər. Elçin Quliyev məndən tələb etdi ki, Mahirənin borc müqabilində mənə verdiyi 2 mənzili və maşını geri qaytarım. Mən evlərin sənədlərini Mahirənin özünə verdim, Elçin Quliyevin şifahi göstərişi əsasında maşını Binəqədi rayon məhkəməsinin icraçısı Səbuhiyə təhvil verdim. Orada rəhmətlik İlqar Əliyev mənə dedi ki, Mahirə Elçinə yaxın adamdır. Mən Elçin Quliyevə qarşı açılan cinayət işində də zərərçəkmiş şəxs kimi tanınmışam. Hazırda Baş Prokurorluqda araşdırma aparılır”.
İş adamı Yalçın Abdullayev “Kral Mebel”lə bağlı epizod üzrə olan iddiaya da aydınlıq gətirib: “Həmin mağazanı Rauf Kərimov mənə müqavilə əsasında icarəyə verib, hər ay da pulunu ödəmişik, qəbzlərimiz da var. Biz həmin mağazanı işlədəndə Adəm Məmmədov mənim vəkilim olub. İndi isə qarşı tərəfin vəkilidir. O mağaza da sonradan Rauf Kərimov tərəfindən başqa bir holdinqə satıldı. Avtomobillər məsələsi isə yazılanın tamam əksinə olub. Biz Raufdan yox, Rauf bizdən 300 minlik maşın götürüb, pulunu hələ də ödəməyib.
Bizə atılan böhtanla, guya, həbs olunmağımızla və vəzifəli şəxslərin adından Adəm Məmmədovun yaydığı məlumatla bağlı hüquq çərçivəsində addım atacağıq”.
Y.Abdullayev mənzillərin alqı-satqısı və borcun etirafına dair müqavilələri redaksiyamıza təqdim edib: