Akif Çovdarovun oğlunu da həbs edəcəklər?
25-11-2016, 09:31
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun oğlu Ruslan Çovdarovla bağlı hüquq mühafizə orqanlarına müraciətlər hazırlanır. Bu haqda politika.az saytı məlumat yayıb. General oğlunun iş adamlarından pulların alınması və çatdırılmasında iştirakının olması iddia edilir.
Sitat: “Qaynağımız bildirir ki, Ruslan Çovdarov atasının işlərini həyata keçirib. General oğlu MTN-ə çatan vəsaitlərin çatdırılmasında iş adamları ilə birbaşa təmasa keçirmiş. Onun fəaliyyəti detallı şəkildə dövlət rəhbərliyinə göndərilib. İş adamlarının müraciətində başlarına gətirilən müsibətlər və oğul Çovdarovun rolundan danışılıb”.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxlayıb. Qurumdan R.Çovdarovla bağlı hər hansı bir araşdırmanın aparılması haqda məlumat verilməyib.
Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək, sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.