Eldar Mahmudovun qohumu ifadə verdi: - Əli Abbasovun adını çəkib, milyonlardan danışdı

28-11-2016, 20:02           
Eldar Mahmudovun qohumu ifadə verdi: - Əli Abbasovun adını çəkib, milyonlardan danışdı
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Noyabrın 28-də keçirilən məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevin epizodu üzrə ittiham aktı elan olunub.

Musavat.com xəbər verir ki, Q.Bəybalayev özünü qətiyyən təqsirli bilmədiyini deyib. “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov da ona qarşı irəli sürüləm ittihamlarla razılaşmadığını və özünü qətiyyən təqsirli bilmədiyini söyləyib.

Prosesin davamında təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub. Hakim Əfqan Hacıyev ilk olaraq “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədova söz verib. Təqsirləndirilən şəxs çıxış üçün hazır olmadığını, məhkəmədən ona vaxt verilməsini xahiş edib.

Digər təqsirləndirilən, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov sərbəst ifadə verib. Qeyd edək ki, B.Hüseynov Eldar Mahmudovun qohumudur.

Sabiq nazirin qohumu ifadəsində deyib: "Mən icraçı adamam. Nazir tərəfindən mənə göstəriş verilmişdi ki, xərclər 20-25 faiz şişirdilsin. Bu pulun da 80 faizi nazirliyə çatırdı, 20 faizi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinə qalırdı. Bu 20 faizin də 6 faizi qovşaqlara verilirdi, 4 faizi "paket" maaşlara gedirdi, 10 faizi də mənə qalırdı".

Özünü qismən təqsirli bilən Beytulla Hüseynov deyib ki, ittiham aktında olan rəqəmlər şişirdilib. 2005-ci ildən 2015-ci ilə qədər "Bakı Telefon Rabitəsi" İB-ə rəhbərlik etdiyini deyən B.Hüseynovun sözlərinə görə, bu müddətdə əməkhaqları 190 manatdan 700 manata, müəssisənin gəliri 24 milyondan 87 milyona qədər artıb.

Dövlətə vurduğu real zərəri ödəməyə hazır olduğunu deyən Beytulla Hüseynovun qeyd edib ki, ittiham aktında göstərilənlər doğru deyil: "Biz xeyli işlər də görmüşük. O işləri sadalamağa saatlarla vaxt lazımdır. Bütün şəhid ailələrinə, Qarabağ əlillərinə öz vəsaitimiz hesabına pulsuz telefon çəkmişik, Şüvəlandakı kimsəsizlər evinə ildə dörd dəfə yardım aparırdıq. Avropa Oyunları zamanı bizə də tapşırıq verilmişdi, sifarişçi "Azəryolservis" idi. Bu işə görə 4 milyon 600 min manatımızı hələ də ala bilməmişik".

"Əməkdar mühəndis" adına layiq görüldüyünü deyən B.Hüseynov deyib ki, xərclərin şişirdilməsi haqda tapşırığı o zamankı nazir Əli Abbasovdan alıb. Ancaq B.Hüseynov prokurorun suallarını cavablandırarkən ad çəkmək istəməyib, sadəcə, "rəhbərlik" deməklə kifayətlənib. Şişirdilmiş xərclərdən əldə olunan vəsaitin 80 faizini nazirliyə "Bakı Telefon Rabitəsi" İB-nin baş mühasibi Anar Mustafayevin aparıb, çatdırdığını deyən B.Hüseynov pulun konkret kimə verildiyini isə demək istəməyib.

O, bu cür şişirtmələrdən hər ay nazirliyə nə qədər pul göndərildiyini də açıqlamaq istəməyib: "İfadəmdə bildirmişəm, rəqəmi demək istəmirəm".

Beytulla Hüseynovun dindirməsi noyabrın 30-da keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.

Qeyd edək ki, Beytulla Hüseynov "MTN işi"nə görə şahid qismində dindirilib. Bu zaman B.Hüseynov çalışdığı nazirlikdə baş verən mənimsəmə faktları haqda məlumat verib. Onun ifadəsi əsasında nazirliyin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır. Bu məbləğdən «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi üzrə 43 milyon 367 min, «Aztelekom» MMC üzrə 51 milyon 233 min, «Azərpoçt» MMC üzrə 23 milyon 846 min, «Azintelekom» üzrə 22 milyon 471 min, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC, «Optik Tikinti və Montaj» MMC və «Rabitə-Tikinti» ASC üzrə 12 milyon 224 min manatın mənimsənildiyi iddia olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.