“Turan” agentliyi “Azərsu”nun cərimələnməsini istəyir

28-11-2016, 20:24           
“Turan” agentliyi “Azərsu”nun cərimələnməsini istəyir
Noyabrın 28-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Şərafət Məmmədovanın sədrliyi ilə “Turan” Agentliyinin “Azərsu” ASC-yə iddiası üzrə məhkəmə iclası keçirilib.

İddia “Azərsu” ASC-nin agentliyin informasiya sorğusuna cavab verməməsi ilə bağlıdır.

“Turan” Agentliyi 3 ay əvvəl “Azərsu” ASC-dən ölkə başçısının “Əhalinin su sayğacları ilə təmin edilməsi haqqında” sərəncamının icrası ilə bağlı bilgilər istəyib. Ancaq sorğuya cavab verilməyib.


“Azərsu” ASC-nin nümayəndəsi məhkəmədə deyib ki, iddia ərizəsini yenicə alıb və onunla tanış deyil. O, “Turan” Agentliyinin sorğusunu öyrənmək məqsədi ilə vaxt istəyib.

Agentliyin rəhbəri Mehman Əliyev isə bildirib ki, cavaba iddia veriləndən əvvəl və sonra yetərincə vaxt olub.

M.Əliyev hakimə informasiya verilməməsi faktına hüquqi qiymət verməyə, İnzibati Xətalar Məcəlləsinin 374, 382 maddələrini tətbiq etməklə “Azərsu” ASC-ni 1500 manat cərimələməyi təklif edib.

“Bunun üçün hər cür əsas var. “KİV haqqında”, “İnformasiya azadlığı haqqında”, “Korrupsiya ilə mübarizə haqqında” qanunlar sorğuya cavab verməməklə kobud şəkildə pozulub”, deyə Əliyev bildirib.

Hakim qeyd edib ki, hələlik, cinayətin tərkibi müəyyən edilməyib və məhkəmə heç bir qərar verə bilmir. O, “Azərsu” ASC-nin nümayəndəsinə informasiya sorğusunda qoyulan suallara cavab təqdim etməyə dekabrın 9-na, yəni növbəti məhkəmə iclasına qədər vaxt verib (azadliq.org).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.