6 yaşlı uşaq mollanı məscidə necə aparsın? - MƏKTƏBLƏRDƏ BİABIRÇILIQ
29-11-2016, 19:25
Azərbaycan məktəblərində birinci sinif şagirdlərinə verilən iş dəftərlərində dini təbliğat materialları yer alır.
Bu barədə Lent.az-a övladı birinci sinfə gedən valideynlər məlumat verib. İş dəftərindəki tapşırıqdan məlum olur ki, azyaşlı şagirdlərə tapşırılan məsələdə dini təbliğat sayıla biləcək ifadələr yer alır. Məsələdə birinci sinif şagirdinə mollanı labirintlə məscidə aparmaq tapşırılır. Molla labirintdən məscidə doğru yolla aparıldıqda isə cümlə oxunur.
Məsələ ilə bağlı Lent.az-a danışan Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov bildirib ki, nazirlik məktəblərdə birinci siniflərə tədris olunan iş dəftərlərinin məzmununa cavabdehlik daşımır. Şöbə rəisinin sözlərinə görə, şagirdlərə tapşırıqların verilməsi müəllimlərin səlahiyyətində olan məsələdir: “Tədris vəsaitləri olaraq müxtəlif nəşrlər iş dəftərləri çap edirlər. Müəllimlər bu materiallardan və ya internet resurslarından istifadə edərək şagirdlərə tapşırıq verə bilir”.
Belə tapşırıqların dini təbliğatı ehtiva edib-etmədiyi barədə məqama da toxunan E.Rüstəmov deyib ki, əgər ortada hansısa sui-istifadə və ya qanunsuzluq varsa, bu araşdırılmalıdır: “Lakin konkret olaraq Təhsil Nazirliyinin tədris resursları şöbəsi məktəblərdə tədris edilən iş dəftərlərinin məzmunu ilə bağlı cavabdehlik daşımır. Bu, müəllimlərin səlahiyyətində olan məsələdir”.