Müttəhim ittihamlara üsyan etdi: "Bu qədər ədalətsizliyə, səhvlərə necə yol vermək olar?"

7-12-2016, 14:39           
Müttəhim ittihamlara üsyan etdi: "Bu qədər ədalətsizliyə, səhvlərə necə yol vermək olar?"
Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verib.

"2011-ci ildən müqavilə əsasında çalışdığım MMC-də yalnız dövlət qurumlarına hesabat verilməsini həyata keçirmişəm. Tenderlərdə, mal-materialların alınmasında heç bir iştirakım olmayıb. Aylıq əmək haqqım 400 manat idi. İttihamda qeyd edilir ki, 32 min manat mənimsəmişəm. Bu doğru deyil. Sadəcə, maaş almışam, MMC-nin rəhbəri Namazalı Məmmədov bir neçə dəfə mənə maddi yardım edib. Bu da xəstəliyim və müalicəm üçün olub. Qızım da xəstə idi. Namazalı müəllim öz hesabına mənə kömək edib"- deyə S.Hümbətov sərbəst ifadəsində bildirilib.

Prokuror və vəkillərin suallarını cavablandıran S.Hümbətov qeyd edib ki, MMC-nin fəaliyyəti Rabitə vəYüksək Texnologiyalar Nazirliyinin telefon qovşaqlarında təmir-tikinti işlərini həyata keçirib.

Ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyən S.Hümbətov suallara cavabında bunları deyib: "Rabitə nazirliyi bildiyim qədəri ilə MMC-yə 16 milyon manat borclu idi. Mənim 32 min manat mənimsəməyim, 7 milyona yaxın vəsaiti isə mənimsəməyə cəhd etməyim haqda irəli sürülən ittihamlar əsassızdır. Hansı vəzifə səlahiyyətlərimi aşdığımı, sui-istifadə etdiyimi, qruplaşma yaratmaqda təqsirləndirildiyimi başa düşə bilmirəm. Mən niyə həbs edildiyimi, nədə günahlandırıldığımı anlamıram".

Bu epizod üzrə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin rəhbəri Namazalı Məmmədov da sualları cavablandırıb: "Onun heç bir sənəddə imzası yoxdur. Hər hansı bir işin görülməsində belə iştirakı olmayıb. Qızının müalicəsi üçün məndən aldığı məbləği də xeyriyəçilik məqsədi ilə vermişəm".

N.Məmmədov Səhrab Hümbətovun heç bir günahının olmadığını deyib.

Vəkillər qeyd edib ki, ittiham aktında S.Hümbətovun mənimsədiyi qeyd edilən 31 200 manat onun MMC-də işlədiyi müddət ərzində aldığı aylıq 400 manat maaşın cəmidir.

Digər ifadə verən şəxs təqsirləndirilən “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov olub.

E.Məmmədov ifadəsində ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib. O, qeyd edib ki, istintaq zamanı rabitə xətlərinin çəkilişinə ayrılan xərclərin hesablanması zamanı kobud səhvlərə yol verilib. MMC rəhbəri istintaq zamanı ona qarşı irəli sürülən ittihamları rabitə sahəsində heç bir təcrübəsi olmayan şəxslərin hazırladığını bildirib: "Heç bir mütəxəssis rəyi yoxdur. Məsələn, dəyəri 250 manat olan dirək istintaqda 70 manat göstərilib. Bəzi materialların qiyməti ittihamda bir neçə yerdə fərqli rəqəmlərlə göstərilib. İrəli sürülən ittihamlar şişirdilib. Müəssisəmdə 100 nəfərdən artıq adam çalışıb. İstintaq zamanı elə hesablama aparılıb ki, sanki biz gəlir əldə etmədən çalışmalı idik. Gördüyümüz işə heç bir halda öz qazancımızı qoymamalı idik. Bəs bu qədər işçinin maaşı, vergi ödənişləri, MMC-nin xərcləri necə olmalıdır?".

İstintaq zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəssisələrində görülən işlərə ayrılan xərclərin heç bir halda mənimsənilmədiyini, şişirdilmədiyini deyən E.Məmmədov gördükləri işlər barədə ətraflı izahat verib.

"İttiham aktında Lahıcda rabitə xətlərinin çəkilişi zamanı görülən işlərə görə ayrılan xərcləri 79 faiz şişirtdiyimiz qeyd edilir. Ayrılan xərclərin mənimsənildiyi deyilir, amma bizim xərclərimiz, gördüyümüz işlərin heç biri hesablama zamanı nəzərə alınmayıb. Lahıcda rabitə xətlərini çəkəndə onlarla dirək daş uçqunu zamanı qırılıb, 4 kilometrə qədər kabel məhv olub. Bunların hamısı bizim xərcimizdir. İşçilərin ərazilərə aparılması, onların yemək xərcləri, texnikaya ayrılan pullar hesaba alınmır. Axı bunlar bizim müəssisəmizin xərcləridir. Bunlar necə şişirtmə ola bilər? Mən demirəm ki, ittihamda heç nə yazılmasın. Yazılsın, asın-kəsin, başımı kəsin. Hamımız səhv edə bilərik, istintaq zamanı müstəntiq də səhv edə bilər. Kiçik bir səhvə görə hay-küy salınmasını da dəstəkləmirəm. Ancaq bu qədər ədalətsizliyə, səhvlərə necə yol vermək olar? Mən sübut edə bilərəm ki, dövlət büdcəsindən 1 manat belə olsun mənimsəməmişəm. Bunu sübut edə bilərəm. Əgər kimsə deyirsə ki, "biz ittiham orqanıyıq, dediyimiz olmalıdır", biz də buna baş əyək, gedək. Amma bu qədər də məlumatsız şəkildə ittihamlar irəli sürmək olmaz axı. Əgər məni danışdırırsızsa, fikirlərimə diqqət edin. Yoxsa, deyin ki, otur yerində, səsin çıxmasın, ittihamın da budur. Mən də başa düşüm. Elə ittihamlar yazılıb ki, insanın şəxsiyyətinə toxunur. Çəkdiyimiz əziyyət, əmək heç bir halda qiymətləndirilmir. İşlər zamanı fəhləm yıxılıb, ölüb. Bir neçə işçim xəsarət alıb. Mən onların xərcini bu günə qədər də ödəmişəm. Müəssisəmin gördüyü bütün işləri, hesabatları Korrupsiyaya Qarşı Mübarizə idarəsinə təqdim etmişəm. Amma mənə dedilər ki, itiriblər"- deyə E.Məmmədov ifadəsinə əlavə edib.

Məhkəmə prosesində fasilə elan olunub.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır. Bu məbləğdən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi üzrə 43 milyon 367 min; "Aztelekom" MMC üzrə 51 milyon 233 min; "Azərpoçt" MMC üzrə 23 milyon 846 min; "Azintelekom" üzrə 22 milyon 471 min; "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC, "Optik Tikinti və Montaj" MMC və "Rabitə-Tikinti" ASC üzrə 12 milyon 224 min manat mənimsənildiyi iddia olunur.
517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.