Ananın ölümünə bais olan həkim - "Olur belə şeylər"

13-01-2017, 09:06           
Ananın ölümünə bais olan həkim - "Olur belə şeylər"
Bakının 5 saylı xəstəxanasında "qrija”dan əməliyyat zamanı 3 uşaq anası olan Vüsalə Məmmədova əməliyyat masasında keçinib.

Teleqraf.com xəbər verir ki, mərhumun ailəsi V.Məmmədovanın ölümündə həkim səhlənkarlığı olduğunu Kriminal.az saytına açıqlayıblar. Bildiriblər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib.

31 yaşlı Vüsalə Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov açıqlamasında mərhumun bütün analizlərdən normal çıxdığını, cəmi 15 dəqiqəlik əməliyyat olduğunu deyib: "Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra xərəkdə meyitini koridora qoydular ki, aparın''.

Cərrah Anar Mehdiyev isə bildirib ki, hazırda prokurorluq tərəfindən araşdırma aparılır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Məsələ ilə bağlı Şərq.az-a açıqlama verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Cavid Xəliov deyib ki, Məmmədova Vüsalə Hümmət qızı dünən günorta saat 1 radələrində dünyasını dəyişib:

"Mərhumun ölüm səbəbi pataloji anatomiya ekspertizasından sonra məlum olacaq. Ekspertizanın nəticəsi iki həftə ərzində açıqlanacaq. Ondan sonra mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi bəlli olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.