Rektor Milli Qəhrəmandan üzr istəsin! - Akif Nağı

14-01-2017, 19:30           

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasına etiraz edib.

A.Nağı açıqlamasında deyib ki, Məhəmməd Həsənov kimi ləyaqətli insana bu cür hörmətsizlik yolverilməzdir:

“Mən Milli Qəhrəman Məhəmməd Həsənovu şəxsən tanıyıram. O, çox ləyaqətli və şəxsiyyətli insandır. Şərəfli döyüş yolu keçib, Qarabağ müharibəsi dövründə də kifayət qədər qəhrəman kimi tanınıb. Onun işğalçı ermənilərə qarşı qəhrəmanlığı hamıya məlumdur. Vaxtilə Qarabağ Azadlıq Təşkilatı yaradılan zaman təşkilatın ilk üzvlərindən biri olub, QAT-ın Goranboy rayon təşkilatına rəhbərlik edib. Sonralar isə müəllimliklə məşğul olduğu üçün ictimai-siyasi fəaliyyətdən uzaqlaşıb”.

A.Nağı qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən hər bir insana xüsusi diqqət göstərilməlidir:

“Xüsusilə də Milli Qəhrəmanlara qarşı xüsusi diqqət və qayğı daha çox olmalıdır. Çünki Məhəmməd Həsənov öz canı və qanı bahasına bu adı alıb. Hesab edirəm ki, hər hansı ali təhsil müsəssisəsi və ya digər qurumların rəhbərləri tərəfindən Milli Qəhrəmanlara qarşı edilən bu cür hörmətsizlik çox böyük səviyyəsizlikdir. Əgər bir ali məktəb rəhbəri bunu edirsə, digərlərinə nə deyəsən? Həmin rektor Milli Qəhrəmanı qapıda saxlamaqla çox böyük səviyyəsiz hərəkətə yol verib. İndi görün, o ali məktəbdə vəziyyət nə yerdədir? Milli Qəhrəmanlara diqqət və qayğı göstərilməsinin cəmiyyətə aşılanması məhz təhsil ocaqlarından başlamalıdır. Ancaq ali məktəblər Milli Qəhrəmanları heç qapıdan içəri buraxmırlar. Mən rektor tərəfindən edilən bu cür ciddi səhvin dərhal aradan qaldırılmasını tələb edirəm. Həmin rektor Milli Qəhrəmandan üzr istəsin!”.

Xatırladaq ki, Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmaması barədə mediada yayılan məlumatlardan və ictimai qınaqlardan sonra BSU-nun rektoru Nurlana Əliyeva Milli Qəhrəmanla əlaqə saxlayıb. Məhəmməd Həsənov Modern.az-a deyib ki, rektor Nurlana Əliyeva ona zəng edib və BSU-ya dəvət edib. M.Həsənov dəvəti qəbul etmədiyini bildirib: “Qəlbim sınan yerə ikinci dəfə getmirəm. Əgər məni qəbul etmədilərsə, mənə daha heç nə lazım deyil”.

Məhəmməd Həsənov əvəzində Xarici Dillər Universitetində olduğunu və universitetin rektor əvəzi Əfqan Abdullayevin onu yüksək səviyyədə qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, Milli Qəhrəman Məhəmməd Həsənov Goranboyda fəaliyyət göstərən yeganə rusdilli məktəbin direktorudur. O, təhsil aldığı Bakı Slavyan Universitetini ziyarət etməklə tədris vəsaitləri almaq istədiyini bildirib.

BSU-ya buraxılmadığı üçün Xarici Dillər Universitetinə üz tutub.(Ölkə.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.